Messi "Barselona” ilə müqaviləsinin müddətini uzatdı
07.02.2013 - 21:27
 Messi "Barselona” ilə müqaviləsinin müddətini uzatdı
Planetinin ən yaxşı oyunçusu olan Lionel Messi “Barselona” ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu 30 iyun 2018-ci ilə qədər öz klubunda çıxış edəcək.

Müqavilə bu gün komandanın ofisində imzalanıb. Mərasimdə Kataloniya təmsilçisinin prezidenti Sandro Rosel, vitse-prezident Xosep Bartomeu və idman direktoru Andoni Subisarreta da iştirak edib.

Müqavilənin bəndlərində bir neçə dəyişiklik olub. Belə ki, Messi klubun razılığı olmadan reklam aksiyalarında iştirak edə bilməyəcək. Həmçinin Lionel başqa kluba transfer olunarsa, buna görə “Barselona”ya 250 milyon avro təzminat ödənilməlidir.

Qeyd edək ki, 2004-cü ildən “Barselona”ın heyətində çıxış edən 25 yaşlı futbolçu 5 dəfə La Liqanı və 3 dəfə Kral Kubokunu qazanıb. O, 236 matçda meydana çıxıb və rəqib qapılarına 203 top vurub. Bununla yanaşı Messi 4 dəfə ard-arda “Qızıl top” mükafatına sahib olub.