“Simurq”un sabiq futbolçusu: Mənim üçün 1 milyon dollar istədilər
08.02.2013 - 12:07
“Simurq”un sabiq futbolçusu: Mənim üçün 1 milyon dollar istədilər
“Agentim mənə zəng vurub dedi ki, “Simurq” variantı var, orda baş məşqçi də Roman Pokoradır”. Apasport.az saytının məlumatına görə, bunu Zaqatalanın “Simurq” klubunun sabiq futbolçusu Andrey Raspopov deyib.

35 yaşlı ukraynalı müdafiəçi karyerasını bitirməyə qərar verib. Son illər Belarusda çıxış etmiş Andrey karyerası ilə bağlı verdiyi geniş müsahibədə Azərbaycanda oynadığı vaxtı da xatırlayıb: “Ukraynalı mütəxəssislə yanaşı, orada daha 5 həmyerlim var idi. Onların toplanışına qatıldım, xoşuma gəldi və müqavilə imzaladım. Lakin rəhbərlik bizə xəbərdarlıq etdi ki, ilk “altılığ”a düşsəniz əməkdaşlıq davam edəcək. Əks halda isə legionerləri kənarlaşdıracaqlarını bildirdilər. Sonda “altılığ”a düşməyə 1 xalımız çatmadı. Azərbaycanda hardasa 5 oyun keçirdim”.

Sabiq “Simurq”lu daha bir maraqlı fakt açıqlayıb: “Ukraynanın I dəstəsində oynayanda “Karpatı” ilə kubokun yarımfinalına yüksəldik. “Şaxtyor”u 28 minlik stadiona 33 min azarkeşimizin toplaşdığı matçda məğlub etdik. Həmin matçdan sonra “Şaxtyor” məni transfer edirdi. Lakin klubum mənim üçün 1 milyon dollar istədi və donetsklilərin marağı öldü”.

Qeyd edək ki, Raspopov 2010-cu ilin yanvarında transfer olunduğu “Simurq”da cəmi 1 ay keçirib və fevralda qovulub.