“Sumqayıt”da 2 yeni sima
08.02.2013 - 12:51
“Sumqayıt”da  2 yeni sima
Bazar günü “Bakı” ilə qarşılaşacaq “Sumqayıt” daha 2 futbolçunun keçidini rəsmiləşdirib. Apasport.az saytının klubun mətbuat xidmətindən aldığı məlumata görə, “Anji”nin əvəzedici komandasının sol cinah yarımmüdafiəçisi Eldar Cankişiyev Topaz Premyer Liqasında çıxış edəcək.

Eldarla 6 aylıq icarə müqaviləsi bağlanılıb. Dağıstanlı futbolçu U-19-un üzvü olduğundan, legioner sayılmayacaq. Bu klub əvvəllər də bu praktikadan yararlanıb. Belə ki, hazırda “Qarabağ”da çıxış edən Bədavi Hüseynov da vaxtilə “Sumqayıt”a “Anji”dən icarə əsasında gəlmişdi.

“Sumqayıt”a gələn digər futbolçu isə son klubu Almaniyanın Regionalliqa təmsilçisi “Berliner AK 07” olan Can Akgündür. Akgün peşəkar karyerasına 2008-ci ildə “Türkiyəmspor”da başlayıb. Bu komanda ilə ümumilikdə 27 oyuna çıxan futbolçu 2 qol vurub. Daha sonra “Berliner AK 07”yə transfer olunan Can ilk mövsümdə 10 qarşılaşmada 3 dəfə fərqlənib. 2011/12 mövsümündə bu klubla 25 oyuna çıxan yarımmüdafiəçi rəqib qapılarından 2 top keçirib. Can cari mövsümün ilk yarısında isə Berlin klubunda 7 qarşılaşmada forma geyinib.

Qeyd edək ki, yaxınlarda “Sumqayıt”ı “Xəzər Lənkəran”a dəyişən Uğur Pamuk kimi, Can da Almaniyada yaşayan İğdır azərbaycanlısıdır.