Mahmud Qurbanov: Onun keçidində problem olmayacaq
08.02.2013 - 15:55
Mahmud Qurbanov: Onun keçidində problem olmayacaq
“Sonuncu transferimiz Fərid Quliyev olacaq. Onun komandamıza keçidində problem olmamalıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.

Gəncəlilər qış fasiləsində “Turan”dan ayrılan Fərid Quliyevin heyətinə qatıb. 27 yaşlı hücumçu müqavilə ilə tovuzlulara məxsus olduğundan, sərbəst şəkildə başqa kluba keçə bilmir.

Qurbanovun sözlərinə görə, Quliyevin müqavilə ilə bağlı problemindən xəbərdardır: “Fərid problem olmayacağını dedi. İndi məsələnin rəsmiləşməyini gözləyirik. Onun komanda axtardığını gec bildik. Bizə hücumçu lazım idi və Fəridə təklifimizi göndərdik. Anlaşma cari mövsümün sonuna qədər nəzərdə tutulub. Artıq məşqlərimizdə iştirak edən futbolçunun formaya düşməyi üçün vaxt lazımdır. “Neftçi” ilə sabahkı matçda oynaya bilməyəcək Quliyevin sonrakı matçlara hazırlayacağıq”.

“Kəpəz”i qış fasiləsindən dərhal sonra çətin sınaq gözləyir. Belə ki, autsayder son 2 mövsümün çempionu “Neftçi” ilə üzləşəcək. Özü də Gəncə stadionunda yenidənqurma işləri getdiyindən, “Kəpəz” ev oyunlarını Bakıda sintetik örtüklü “Dalğa Arena”da keçirməli olacaq. 40 yaşlı çalışdırıcı çətinliklərə sinə gəlməyə çalışacaqlarını deyib: “Neftçi” oyunun favoritidir. Ancaq biz də meydana vaxt keçirmək üçün çıxmayacağıq. Düzdür, fasilədə heyətimizdə böyük dəyişiklər oldu.

Yeni futbolçular, komandaya gec qoşulanlar var. Ancaq buna baxmayaraq, yüksək liqada yerimizi qorumağa çalışacağıq. Onu da bilirik ki, “Dalğa Arena”da sintetik qazonda oynayacağımızdan, çətin olacaq. Ancaq bir müddətdir burada məşq edirik. Bakıdakı ev oyunlarında azarkeşlərimizi görmək istərdik. Onların dəstəyinə böyük ehtiyacımız var. Komanda nə mənim, nə də başqasınındır, Gəncə şəhərinindir”.

Mehman SÜLEYMANOV