Dohada Avropa Klublar Birliyi bir araya gəldi
08.02.2013 - 20:15
Dohada Avropa Klublar Birliyi bir araya gəldi
4-6 fevral 2013-cü il tarixlərində Qətərin paytaxtı Dohada Avropa Klublar Birliyinin (ECA) Baş Assambleyası keçirilib. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunu bu tədbirdə baş menecer Zeynal Məmmədov və media və marketinq departamentinin rəhbəri Nəriman Mehdiyev təmsil ediblər.

Təşkilatın tarixində ilk dəfə olaraq Baş Assambleyada Avropa klubları ilə bərabər müşahidəçi qismində Afrika, Asiya və Amerika klubları da iştirak ediblər. UEFA zonasına daxil olan 153 klubun təmsilçiləri ilə bərabər Braziliya, Argentina, Yaponiya, Misir, Qatar, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ, Kanada, Uruqvay, Avstraliya, CAR və s. kimi ölkələrin aparıcı klubları 3 gün ərzində Dohada bir araya gələrək müasir futbol dünyasının problemlərini müzakirə edərək, yekun sənədə imza atıblar.

Baş assambleyada ECA-nın illik fəaliyyəti haqqında hesabat dinlənilib, təşkilatın nizamnaməsinə dəyişikliklər edilib. Transfer fəaliyyəti, maliyyə əməliyyatları, futbolçu və klub, futbolçu və menecer, klub və menecer münasibətlərinin şəffaflığını təmin etmək məqsədi ilə UEFA və FİFA-ya təkliflər irəli sürülüb. ECA və UEFA arasında əməkdaşlıq barədə memorandum müzakirə olunub. Milli komandaların beynəlxalq yoldaşlıq oyunları və Avropa kuboklarının təqvimi ilə bağlı təkliflər FİFA-ya ünvanlanıb.

Qətər-2020 Dünya Çempionatının təşkilat komitəsinin katibi Hassan Əl-Tavadi dünya kubokuna hazırlığın gedişi, arenaların və müvafiq infrastrukturun tikintisi, iştirakçı və qonaqlar üçün nəzərdə tutulan şərait, nəqliyyat və otel sistemləri barədə ətraflı məlumat verib. UEFA lisenziyalaşdırma komitəsinin sədri Andrea Traverso təşkilatın apardığı monitorinq və lisenziya prosedurunun gələcək perspektivləri barədə hesabatla çıxış edib.

Cari ilin 15-19 aprel tarixləri arasında Barselonada ECA-nın I vitse-prezidenti və “Barselona” klubunun prezidenti Sandro Roselin rəhbərliyi altında marketinq qrupunun toplantısının keçirilməsi barədə razılıq əldə olunub. Marketinq, sponsorluq və brend menecerliyi mövzularını əhatə edəcək tədbirə dəvət alanlar sırasında “Bakı” futbol klubu da var.

ECA daxilində qadın futbolu komitəsinin yaradılması barədə qərar qəbul edilib. Bu komitəyə “Lion”un prezidenti Jan Mişel Olas (Jean-Michel Aulas) rəhbərlik edəcək.

Bu mötəbər tədbirdə iştirak edən “Bakı”nın nümayəndələri ikitərəfli görüşlər çərçivəsində "Metallist" (Xarkov, Ukrayna), "Porto" (Portuqaliya), "Harts" (Edinburq, Şotlandiya), "Feyenoord" (Niderland), Dinamo" (Kiyev, Ukrayna), "Roma" (İtaliya), Qalatasaray (Türkiyə), "Şerif" (Moldova), “Helsinborq” (İsveç) klublarının nümayəndələri ilə işgüzar görüşlər keçirərək, mümkün əməkdaşlıq detallarını müzakirə ediblər.

Mənbə: fcbaku.com