Yığmamız 3-cü yer uğrunda mübarizə aparacaq
09.02.2013 - 21:08
Yığmamız 3-cü yer uğrunda mübarizə aparacaq
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Open Beach Soccer League 2013” turnirində yarımfinal oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Rusiyanın "Kristall" komandası ilə qarşılaşan millimiz 3:4 hesabı ilə məğlub olub. Orxan Məmmədov bu qarşılaşmada dubl edib. 1 dəfə isə Ramil Əliyev fərqlənib.

Millimiz turnirdə son oyununu sabah – fevralın 10-da, saat 12:30-da keçirəcək. III yer uğrunda qarşılaşmada komandamızın rəqibi Sankt-Peterburq şəhərini təmsil edən “Golden” olacaq.

Qeyd edək ki, “Open Beach Soccer League 2013” turnirinin qrup mərhələsində millimiz Rusiyanın “Podvodnik” və ELMONT komandalarına, müvafiq olaraq, 5:1 və 5:3 hesabı ilə qalib gəlmiş, “Golden” komandasına isə məğlub olmuşdu – 0:2.