“Rəqiblərin səviyyəsi buna imkan verir”
10.02.2013 - 12:37
“Rəqiblərin səviyyəsi buna imkan verir”
Fevralın 12-dən 16-dək VI Bakı Beynəlxalq Futzal Turniri keçiriləcək. Futzal Federasiyasının prezidenti Zaur Axundov turnirə hazırlıqla bağlı apasport.az saytının əməkdaşının sualları cavablandırıb.

- 2 gündən sonra VI Bakı Beynəlxalq Futzal Turniri start götürəcək. Bu yarışa hazırlıq necə gedir?
- Hazırlıq demək olar başa çatıb. 2 gün öncə AFFA-da yarışın təşkilat komitəsinin iclası keçirildi. Burada hər kəsin görəcəyi işlər bir daha dəqiqləşdirildi. Sabaq qonaqlar Bakıya gəlir. Onları otellərə yerləşdirəcəyik. Ümumiyyətlə, hesab edirəm ki, hər şey yüksək səviyyədə hazırdır.

- Əvvəlki illərdən fərqli, bu dəfə yarışda daha çox komanda iştirak edəcək. Buna səbəb nədir?
- Əvvəlki illərdə yarışda 4 komanda mübarizə aparırdı. Biz də qərara gəldik ki, komandaların sayını artıraq. Açığı, turnirdə iştirak etmək istəyənlər çox idi. Lakin biz 10-12 yığmanın iştirakı ilə turnir keçirməyin tez olduğunu düşündük. Ona görə də, bu dəfə 6 komandanın iştirakı ilə yarış keçirməyə qərar verdik.

- Yarışda çıxış etmək istəyən bəzi yığmaların məsələsi alınmadı. Buna səbəb nə idi?
- Yuxarıda qeyd etdim ki, 10-12 komanda mübarizə aparmaq niyyətindəydi. Bu da turnirə marağın böyük olmasının göstəricisidir. Lakin onların hamısının istəyini müsbət qarşılaya bilmədik. Rumıniya, Ukrayna və Rusiyanı misal çəkə bilərəm. Bəziləri çox gec cavab verdilər. Biz həmin vaxt yarışın təqvimini də hazırlamışdıq. Ona görə də bu komandaların təkliflərinə müsbət cavab verə bilmədik.

- Azərbaycanın ikinci komandasının yarışa buraxılmasına səbəb nədir?
- Bu komandanı biz məqsədyönlü şəkildə yaratdıq. Bu yığmaya gənc futzalçılar dəvət edilib. Artıq bu komanda seleksiya xarakterli toplanış keçirib. Ora cəlb edilən 25 futzalçı arasında seçim aparıldı. Nəticədə onlardan 12-13-nü saxladıq. Onlar perspektivli futzalçılardır. Məqsəd isə əsas yığmaya futzalçılar hazırlamaqdır. Bu turnirdə onlar Belarus və Özbəkistan kimi güclü komandalarla qarşılaşacaqlar. Belə oyunlar onların təcrübə yığmasına böyük kömək edəcək. Komandanın məşqçiləri Allahverdi Babayevlə Biro Jadedir. Məşqçilər futzalçıları əsas yığma səviyyəsinə çatdırmaq üçün çalışacaqlar.

- İştirakçıların növbəti ildə artırılacağı gözlənilirmi?
- Planımız belədir ki, gələn il yarışda 8 komanda mübarizə aparacaq.

- Futzal yığmasının növbəti planları necədir?
- Martda Türkiyə yığması ilə oyunlar keçirilməsi planlaşdırılır. Hazırda qarşı tərəflə bu barədə danışıqlar aparılır. Martın 27-30-u aralığında isə Avropa çempionatının əsas seçmə mərhələsində çıxış edəcəyik.

- Orda məqsəd nə olacaq?
- Bilirsiniz ki, biz artıq iki dəfə Avropa çempionatının final mərhələsində çıxış etmişik. Bu dəfə də məqsəd həmin uğuru təkrarlamaqdır. Slovakiyada keçiriləcək yarışda meydan sahibləri ilə yanaşı, Bosniya və Herseqovina və Norveç yığmaları ilə mübarizə aparacağıq. Məqsədimiz qrupda birinci yeri tutaraq birbaşa final mərhələsinə çıxmaqdır. Rəqiblərimizin də səviyyəsi də buna imkan verir.

- Futzal çempionatında vəziyyət nə yerdədir?
- Yarışlar olduqca maraqlı keçir. Eyni zamanda birinci dəstədə də mübarizə davam edir. Bundan başqa, U-15 liqası da yaradılıb. Hazırda 80-nə yaxın komanda yarışlarda çıxış edir ki, bu da futzala marağın artmasının göstəricisidir.

- Əvvəlki müsahibələrinizin birində demişdiniz ki, bundan sonra bölgələrdə də futzal oyunları keçiriləcək. Bu məsələ ilə bağlı vəziyyət nə yerdədir?
- Hazırda bir neçə bölgənin komandası çempionatda çıxış edir. Lakin bu mövsüm onlar oyunlarını Bakıda keçirirlər. Lakin bölgə klubları ilə danışıqlarımız olub. Yəqin ki, 2013-2014-cü illər mövsümündən etibarən həmin klublar məxsus olduqları bölgələrdə keçirəcəklər.