Aqil Nəbiyev: Hakimə etiraz edə bilməzdim - MÜSAHİBƏ
11.02.2013 - 12:35
Aqil Nəbiyev: Hakimə etiraz edə bilməzdim - MÜSAHİBƏ
“Bakı” klubunun futbolçusu Aqil Nəbiyevin apasport.az saytına müsahibəsi

- Komandanızın “Sumqayıt”la ev oyununda qələbə qazanacağı gözlənilsə də, matç 1:1 hesabı ilə nəticələndi. Bunu nə ilə izah edərdiniz?
- Qış fasiləsindən sonra ilk oyunda istəmədiyimiz nəticə əldə etdik. “Sumqayıt”a qalib gələcəyimizə inam böyük idi. Fikrimcə, rəqib meydana daha rahat çıxmışdı. İkinci “altılıq”dakı komandalar təzyiq altında olmadığından sərbəst oynayırlar. Bizdə isə nəticə ilə bağlı gərginlik vardı. Bu da oyunumuza öz təsirini göstərdi. Vacib 2 xal itirdik.

- Bundan sonra “Bakı”nın “altılığ”a düşməsi nə dərəcədə real görünür?
- Şansımız azalıb. Halbuki, qələbəyə motivasiya olunmuşduq. Bunun əvəzində istəmədiyimiz halla üzləşdik. Ancaq ümidimiz var. Necə deyərlər, ümid sonda ölür. Hələ 4 oyunumuz qalıb. Fikrimcə, nəticə qazana bilərik.

- Matç şəxsən sizin üçün də uğursuz alındı. Belə ki, debütünüzdə qırmızı vərəqə alaraq, komandanı çətin vəziyyətdə qoydunuz...
- Hakim 2 sarı vərəqə göstərib məni meydandan qovdu. İlk “sarı” ilə bağlı narazılıq edə bilməzdim. Çünki orda qayda pozuntusuna yol vermişdim. Ancaq ikinci vərəqəni aldığım zaman rəqibə toxunmamışdım. Rəqib futbolçu özünü yerə atdı. Ancaq bu, hakimin qərarıdır və ona hörmətlə yanaşmalıyıq.

- Bəlkə debütdə qələbəni, yaxşı oyun göstərməyi çox istədiyinizdən, necə deyərlər, özünüzü “yandırdınız”?
- Həqiqətən də qələbəni çox istəyirdim. Çünki bizim üçün 3 xal vacib idi. Üstəlik, “Bakı”da debüt oyunum idi. Təbii ki, komandanı çətin vəziyyətdə qoymaq istəməzdim.

- Qırmızı vərəqəyə görə qınaq obyektinə çevrilmədiniz?
- Yox. Sağ olsunlar, komanda yoldaşlarım məni ruhdan düşmə qoymadılar. Mən öz qapımıza qol vurmamışam, yaxud penaltiyə səbəbkar olmamışam. Meydandan çıxarıldığım zamanı hesab 1:1 idi, sona kimi də bu nəticə qaldı. Komandamız qol epizodlarını yaratmaqda çətinlik çəkirdi.

- Bu uğursuzluqdan sonra yaşıl meydana qayıdarkən, özünüzü psixoloji cəhətdən köklənə biləcəksiniz?
- Düşünmürəm ki, yaşıl meydana qayıtdığım zaman bu baxımdan problem olsun. Bildiyiniz kimi, 2 sarı vərəqəyə görə meydandan çıxarıldığımdan, 1 oyun buraxmalı olacağam. Yaxın vaxtda yenidən oynayacağam. Sadəcə, debütümün belə alındığına görə çox pis olmuşam.

Mehman SÜLEYMANOV