“Qarabağ”ın yarımmüdafiəçisi şəxsi rekordunu yenilədi
11.02.2013 - 16:49
“Qarabağ”ın yarımmüdafiəçisi şəxsi rekordunu yenilədi
“Qarabağ” dünən Premyer Liqanın XIX turu çərçivəsində “Qəbələ” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, bu iki komandanın duelinin tarixi elə də uzağa getməsə də, statistikada ilginc amil diqqəti cəlb edir.

Belə ki, 2006-ci ildən start götürən duellər tarixini 2 yerə bölmək olar: 2009-a qədər və sonrası. İlk mərhələdə “Qarabağ” 8 oyunda rəqibinə qələbə sevinci yaşatmasa da, 2-ci dövrdə sadəcə 1 qələbə ilə yadda qalıb.

Dünənki mücadilə tendensiyanı pozmadı. Ancaq bununla belə, “Qarabağ” üçün müsbət məqam məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməsidi. Digər məqam isə adətən milli toplanışlarından sonra qələbə üzünə həsrət qalan ağdamlıların bu dəfə 1 xal qazana bilməsi ilə bağlıdır. Oktyabrın 31-də məhz “Qəbələ”yə uduzduqdan sonra 9 oyundur məğlubiyyətin nə olduğunu unudan Qurban Qurbanovun yetirmələri seriyanı davam etdirə bildi.

“Qarabağ” qış fasiləsindən sonra heç vaxt məğlub olmayıb. Son 5 ili əhatə edən dövrdə komanda qış fasiləsindən sonra ilk oyunda 3 qələbə qazanıb ki, bunun biri də 2 il bundan öncə “Qəbələ” qarşısında (3:0) qeydə alınıb.

Riçard Almeyda isə vurduğu topla qollarının sayını 7-yə çatdırdı. Braziliyalı yarımmüdafiəçi bu nəticəylə öz şəxsi rekordunu yenilədi. Belə ki, 23 yaşlı “Riçi” karyerasının ən məhsuldar dövrünü yaşayır. Mövsümün əvvəlində “Jil Visente”dən transfer olunan Riçard 2 il bundan əvvəl Portuqaliya klubunda 28 oyuna 6 dəfə fərqlənmişdi. Göründüyü kimi, cənubi amerikalı “Qarabağ”da 19 oyuna 7-ci qoluyla nəticəsini daha da yaxşılaşdırdı. Qarşıda hələ 13 oyun olduğunu nəzərə alsaq, Riçardın məhsuldarlığını yüksəltmək şansı var.