“Neftçi” - 1 xal yetər
12.02.2013 - 14:00
“Neftçi” - 1 xal yetər
Azərbaycan çempionu “Neftçi” IV turun AZAL-la təxirə salınan oyunundan sonra ilk “altılıq”da yerini təmin edə bilər. Apasport.az saytının məlumatına görə, “İnter” və “Simurq”un ardından buna nail olan 3-cü komanda adına yiyələnmək üçün “ağ-qaralar”a 1 xal da kifayətdir.

Paytaxt derbisində qələbə qazanmaqla, sona 3 tur qalmış “altılıq” vəzifəsini həll edəcək “Neftçi” heç-heçə ilə də istəyini gerçəkləşdirmiş olacaq. Belə ki, bərabərlik halında “Neftçi”nin 33, 6-cı yerə iddialılar “Xəzər Lənkəran”la AZAL-ın 24 xalı olacaq. Böyükağa Hacıyevin yetirmələrinə bu 2 komandadan birini qabaqlamaq yetərlidir olacaq.

“Neftçi” isə hər 2 rəqibini əlavə göstəricilərdə üstələyir. II dövrənin oyununda AZAL-ı 4:2 hesabı ilə məğlub etdiyindən şəxsi oyunlarda üstün durumdadır. Bu isə o deməkdir ki, heç-heçə etməklə “ağ-qaralar” rəqibi üçün əlçatmaz olacaq.

Hacıyevin komandası şəxsi oyunlarda “Xəzər Lənkəran”la bərabər olsa da (hər 2 komanda öz meydanında 2:1 hesabı ilə qalib gəlib) qələbə sayında daha üstün durumdadır. Lənkəranlılar 3 qələbə qazansa belə, “Neftçi”yə çata bilməyəcək.