Rumınlar “Qəbələ”də baxışda olmuş futbolçunu cəzalandıracaq
12.02.2013 - 20:28
Rumınlar “Qəbələ”də baxışda olmuş futbolçunu cəzalandıracaq
Kluj “Universitatya”sına məxsus olan Vasile George cəzalandırıla bilər. Apasport.az saytının məlumatına görə, futbolçu ötən ay Rumıniya klubunun toplanışında qəsdən iştirak etməyib.

Belə ki, o, valideynlərinin səhhətinin pis olduğunu əsas gətirərək klubundan 5 günlük icazə alıb. Ancaq sən demə, bu, Georgenin yalanı imiş. Əslində isə 27 yaşlı yarımmüdafiəçinin məqsədi meneceri vasitəsilə Türkiyədə hazırlıq keçən klublardan birinə keçmək imiş.

Qeyd edək ki, futbolçu ötən ay “Qəbələ”də baxışda olsa da, baş məşqçi Ramiz Məmmədov tərəfindən bəyənilməmişdi. Ancaq futbolçunun apasport.az saytına verdiyi müsahibə və “Qəbələ”nin saytında gedən fotoreportajlardan Rumıniya mətbuatı vasitəsilə hali olan Kluj təmsilçisinin rəhbərliyi Georgeni bu hərəkətinə görə cəzalandırmaq istəyir.