Vaqif Sadıqov: ....keçib başda oturmalıdır - MÜSAHİBƏ
13.02.2013 - 00:01
Vaqif Sadıqov: ....keçib başda oturmalıdır - MÜSAHİBƏ
AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- “Simurq”la oyunda yeni transferlərinizin xidmətindən yararlanmadınız. Bu nə ilə əlaqədar idi?
- Düz qeyd edirsiz. Vladimir Boqdanoviçlə Uill Conun transfer vərəqi həmin vaxt ölkələrindən gəlməmişdi. Bu üzdən onların adını son turda heç “18-liy”ə daxil edə bilmədim.

- Onların transfer vərəqi hələ də gəlməyib?
- Boqdanoviçinki gəlib. O, “Neftçi”yə qarşı oynaya bilər. Ancaq Conun transfer vərəqi hələ ABŞ-dan gəlib çıxmayıb. Hazırda futbolçunun vərəqinin gəlib çıxmasını gözləyirik.

- Bəs Saşa Yunisoğlunu nə əcəb oynatmadız?
- O, yeni transferdirsə, bu o demək deyil ki, keçib başda oturmalıdır. Kim hazırlıqlı olacaqsa, o da meydana çıxacaq.

- Daha bir futbolçunu heyətinizə qatdığınızı görürük. Qusar futbol məktəbinin yetirməsi, vaxtilə “Xəzər Lənkəran”da top qovmuş Habil Nurəhmədovu nəzərdə tuturuq...
- Hə, elədir. O da bizim yeni futbolçularımızdandır.

- Ancaq bu futbolçunun da əvəzedici komandada çıxış etdiyini, hətta qol da vurduğunu görürük...
- Nəyə işarə etdiyinizi anladım. O, toplanış zamanı əsas komanda ilə məşq edib, gələcəkdə də bizimlə birgə məşq edəcək. Ancaq bu tur əvəzedici komandaya kömək etmək üçün ora göndərdik. Hər kəs öz zamanını gözləməlidir.

- “Xəzər Lənkəran” “İnter”ə uduzmasaydı, ilk “altılığ”a düşmək baxımından turnir cədvəldəki durumunuz pisləşəcəkdi...
- Nəinki “Xəzər Lənkəran”, hətta “Qəbələ” də qalib gəlsəydi, vəziyyətimiz pis olacaqdı. Ümumiyyətlə, bu tur biz və “Bakı” da daxil olmaqla, ilk “altılığ”a iddia edən klubların hamısı xal itirdi.

- “Simurq”u yenə bilmədiz. Sadaladığınız klubların xal itirməsi ilə sizin bəxtinizin gətirdiyini söyləmək olarmı?
- Bəs futbol belə bir oyundur da. Sürprizləri ilə seçilən oyundur. Kim deyərdi ki, “Bakı” öz meydanında “Sumqayıt”ı məğlub edə bilməyəcək?

- Martın 13-dən 26-dək Portuqaliya və ölkəmizdə millinin hazırlıqları olacaq. Artıq uzunmüddətli olduğu üçün “Neftçi” və “Qarabağ” futbolçularını həmin toplanışa buraxmaq istəmir. Sizdən Usim Nduka və Saşa Yunisoğluya millidən təklif gələrsə, reaksiyanız necə olacaq?
- Düşünürəm ki, milliyə düşəcək az sayda futbolçumuz olduğundan, biz bunda problem yaratmayacağıq. “Qarabağ”ı anlamaq olar. Çünki onlar çox sayda futbolçu milliyə verir. Bizdən isə 1-2 futbolçu yığmaya gedir. Bu üzdən çağırılanların toplanışa yollanmasına maneə yaratmayacağıq. Milli naminə hər şeyi etməyə hazırıq.

Səbuhi TOFİQOĞLU