Asim Xudiyev “Real” - “MY” matçının baş hakimi olsaydı...
14.02.2013 - 11:56
Asim Xudiyev “Real” - “MY” matçının baş hakimi olsaydı...
“Real” – “Mançester Yunayted” matçının sonlarında baş hakimin künc zərbəsinin yerinə yetirilməyinə imkan verməyərək, fitini səsləndirməyi səhv deyil. Bu kimi hallar adətən hakimin öhdəçiliyinə buraxılır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev deyib.

Çempionlar Liqasının 1/8 final mərhələsində “Real” – “Mançester Yunayted” görüşünü (1:1) idarə edən almaniyalı Feliks Brix son saniyələrdə diqqət mərkəzinə düşdü.

Belə ki, II hissəyə 3 dəqiqə əlavə edən hakim “qırmızı şeytanlar”ın künc zərbəsi vurmağına imkan verməyək, final fitini səsləndirdi. Bu isə ingilislərin narazılığına səbəb olub ki, onları da başa düşmək olar. Çünki adətən belə hallarda hakimlər zərbənin yerinə yetirilməyinə imkan verib, sonra oyunu bitirirlər.

Sabiq FİFA referisi, karyerasını bitirdikdən sonra beynəlxalq oyunlarda hakimlərin işinə qiymət verən Xudiyev isə almaniyalının qərarında səhv görmür. Onun sözlərinə görə, zərbənin mütləq yerinə yetirilməyi ilə bağlı hansısa şərt yoxdur: “Qaydalarda yazılmayıb ki, hakim vaxt bitəndən sonra zərbənin vurulmağına imkan verməlidir. Məncə, həmin anda 3-cü dəqiqə tamam olmuşdu və hakimin oyunun dayandırmağa tam hüququ vardı. Bunlar hakimin səlahiyyətində olan məsələdir”.

Maraqlıdır ki, Xudiyev həmin anda baş hakim olsaydı, nə qərar qəbul edərdi? 56 yaşlı hakim-inspektor bunu deməyin çətin olduğunu bildirib: “Fərqi yoxdur, hakim mən oldum, yaxud başqası, əsas odur oyunu vaxtı başa çatmamış bitirməyəsən. Çünki UEFA-nın Hakimlər Komitəsinin hakimlərə əsas mesajı bununla bağlıdır. Çünki oyun vaxtı tamam olmamış başa çatdıranda böyük problem olur. Biz görürük ki, baş hakim oyunun əlavə vaxtı bitəndə künc, yaxud zərbəsi olan zamanı onun vurulmağına imkan yaradır və bundan sonra fitini səsləndirir. Onun belə hərəkətində qəbahət yoxdur”.

Hər halda, keçmiş hakim istisna halın olduğunu da söyləməyi lazım bilib: “Təbii ki, burda yeganə istisna penalti ilə bağlıdır. Əgər oyuna əlavə olunmuş vaxt bitəndə, penalti təyin olunursa, mütləq vurulmalıdır. Qol olubsa, top mərkəzə gətirilməli və hakim bundan sonra oyunu başa çatdırmalıdır”.

Mehman SÜLEYMANOV