Azərbaycan yığması üçün himn
14.02.2013 - 12:47
Azərbaycan yığması üçün himn
Dünyanın bir çox milli komandalarının himni olsa da, Azərbaycan yığmasında bu sarıdan boşluqdur. Xarici ölkə millilərinin və klublarının qarşılaşmaları zamanı tribunaları dolduran fanatlar məhz bu mahnını səsləndirməklə, sevimli futbolçularına dəstək olurlar. Apasport.az saytının məlumatına görə, bu cür dəstəkdən hələlik məhrum olan millimizin çatışmazlığı tezliklə aradan qalxa bilər.

Belə ki, komandamızın sadiq azarkeşlərindən olan jurnalist Salam Cavadlı yığmamıza şer həsr edib. “Milli komandanın futbolçularına” adlanan bu şer gələcəkdə ona musiqinin bəstələnməsi üçün nəqərat da yer alıb. Azərbaycanın çoxsaylı bəstəkarlarından biri buna musiqi yazarsa, gələcəkdə millimizin himninə də çevrilə bilər.

Təbii ki, bunun üçün həmin bəstəkarın təkcə bacarığı yetərli olmayacaq. Çünki bu tip əsər yaratmaq üçün futbol sevgisi də zəruridir.

Qeyd edək ki, futbol yığmamızdan fərqli, Azərbaycan idmanında müxtəlif növlər üzrə komandaların himnləri var.

Milli komandanın futbolçularına

Azərbaycan naminə
Hünər məqamı gəlib.
Həyəcanlı baxışlar
Sənə, sənə yönəlib!

Rəqib güclü olsa da,
Ümidsiz baxma sona.
Fədakarlıq göstərsən
Qalib gələrsən ona.

Nəqarət
Haydı, durma irəli,
Meydan qeyrət yeridir.
Kim daha əzmkardır
Öz hökmünü yeridir.

Minlərin arasından
Seçildiyini anla.
İndi də çıx meydana
Qətiyyətlə, inamla.

Bil ki, hər yarışmanın
İllərlə yaddaşı var.
İnan, hər oyunda da
Bir tarix savaşı var.

Nəqarət:
Haydı, durma irəli,
Meydan qeyrət yeridir.
Kim daha əzmkardır
Öz hökmünü yeridir.