Elvin Məmmədov: Çətindir, çox çətin
14.02.2013 - 13:27
Elvin Məmmədov: Çətindir, çox çətin
“Böyük hesabla qələbə qazanacağımızı gözləmirdim. Əslində, bunu öncədən heç kim proqnozlaşdıra bilməz”. Bu sözləri apasport.az saytına “Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmmədov deyib.

Topaz Premyer Liqasının XVI turundan təxirə salınmış oyunda “Turan”la qarşılaşan “Bakı” 4:0 hesablı qələbə qazandı. Bu, paytaxt təmsilçisinin cari mövsümdəki ilk belə qələbəsi kimi yadda qalıb.

Qarşılaşma haqda danışan “zolaqlılar”ın yarımmüdafiəçisi uduzmasına baxmayaraq rəqib haqda xoş sözlər söyləyib: “Turan” böyük hesabla yenilsə də, müqavimət göstərməyə çalışdı. Amma hesab oyuna görə oldu. Çünki üstün olan tərəf “Bakı” idi. Bizim istəyimiz 3 xal qazanmaq idi. Bunun öhdəsindən gəldiyimiz üçün şadam. Çalışacağıq ki, bu uğurun davamını gətirək”.

Komandasının ilk “altılığ”a düşmək şansını da dəyərləndirən Məmmədov çətin olacağını gizlətməyib: “Çox çətin olacaq. Qarşıda qalan 3 oyun bizim üçün final əhəmiyyəti daşıyır. Çətindir, çox çətin. Əsas olan bizim qələbələr qazanmağımızdır. Rəqiblərimiz də xallar itirir”.