Azərbaycan millisinin FİFA reytinqində mövqeyi dəyişmədi
14.02.2013 - 13:35
Azərbaycan millisinin FİFA reytinqində mövqeyi dəyişmədi
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə mövqeyini dəyişməyib.

Belə ki, hesabında 283 xal olan komandamız 118-ci pillədə qalıb.

Azərbaycan millisi son 1 ayda keçirdiyi 2 yoldaşlıq oyunundan yalnız birində – Lixtenşteyn üzərində 1:0 hesablı qələbə qazanıb. Nəticədə ötən ay açıqlanan reytinqlə müqayisədə 6 xal qazanan yığmamız xallarının sayını 283-ə çatdırıb.

DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizdən Portuqaliya (1129 xal) 1 pillə irəliləyib - 6-cı yer. Rusiya (1055 xal) isə əksinə, 1 pillə geriləməklə 11-ci yerə enib. 10 addımlıq irəliləyiş edən İsrail 495 xalla 66-cıdır. Şimali İrlandiya (354) 4 pillə geriləyərək, 102-ci pilləyə düşüb. Lüksemburq (174) yığması isə 148-ci yerdə qalıb.

209 yığmanın yer aldığı cədvəlin ilk 3 pilləsində dəyişiklik olmayıb. İlk “üçlük”də müvafiq olaraq, İspaniya (1590), Almaniya (1437) və Argentina (1281) qərarlaşıb.