Baş məşqçi Elhad Nəziri haqda: Bu uşaq hələ çox böyüyəcək
14.02.2013 - 15:18
Baş məşqçi Elhad Nəziri haqda: Bu uşaq hələ çox böyüyəcək
Azərbaycan millisinin futbolçusu Elhad Nəzirini “Petrolul” klubunda baxışda olması Rumıniyanın ciddi marağa səbəb olub. Apasport.az saytının məlumatına görə, 21 yaşlı müdafiəçinin Çernoqoriya “Zeta”sı ilə yoxlama oyununda meydana çıxması rumıniyalı həmkarlarımızın diqqətindən kənar qalmayıb.

Elhadın baxışda keçirdiyi ilk matçı şərəfini qoruduğu Moldova “Milsami”sinin baş məşqçisi də izləyib. Belə ki, “Milsami”nin rumıniyalı çalışdırıcısı Ştefan Stoyka yetirməsinin “Petrolul”dakı qeyri-rəsmi debütünün şahidi olub.

Mütəxəssis həmyerlilərinə Elhad haqda fikirlərini də açıqlayıb: “Bu uşaq hələ çox böyüyəcək. Bu inkişaf bir neçə ilə gerçəkləşəcək”.

Qeyd edək ki, Nəziri komandasının “Zeta”nı 4:1 hesabı ilə udduğu matçda 74 dəqiqə oynayıb.