Tanınmış hakim “Xəzər Lənkəran” - “Makkabi” matçını xatırladı
14.02.2013 - 17:44
Tanınmış hakim “Xəzər Lənkəran” - “Makkabi” matçını xatırladı
Ukraynanın tanınmış hakimlərindən olan Vladimir Volodin Lənkəran səfərini unuda bilmir. Apasport.az saytının məlumatına görə, il yarım əvvəl Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər Lənkəran” – “Makkabi” (Təl Əviv, İsrail) qarşılaşmasının yan xətt hakimi olan referi üçün bu matç ən yaddaqalanlardan biridir.

Volodin bunu Ukrayna mətbuatına verdiyi müsahibədə açıqlayıb.

Həmin vaxt Andrey Şandorun köməkçisi olan referi qarşılaşmaya güclə çatdığını bildirib: “Karyeram ərzində fit çaldığım bütün matçlar məsul oyunlar olub. Təbii ki, çempionatın liderləri – Kiyev “Dinamo”su, “Şaxtyor” və “Metallist”in iştirakı ilə baş tutan qarşılaşmalar daha gərgin keçirdi. Ya da Azərbaycandakı matç. Həmin vaxt ora yollanmaq çox çətin alındı. Bakıya təyyarə ilə getdik. Lənkərana yollanmaq üçün isə taksi sifariş etdik. Stadiona güc-bəla ilə çatdıq. Həmin qarşılaşma asan alınmadı”.

Qeyd edək ki, həmin matç 0:0 hesabı ilə başa çatıb.