“Rail Məlikovun olmamağı komandaya təsir edir”
14.02.2013 - 17:55
“Rail Məlikovun olmamağı komandaya təsir edir”
“Müdafiədə sıxıntımız var. Rail Məlikovla Berkay Canın olmamağı komandaya təsir göstərir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Dənizlispor”un baş məşqçisi Səlahəttin Dərvənt deyib.

O bildirib ki, cari mövsümdən komandasının şərəfini qoruyan millimizin sabiq müdafiəçisi Rail Məlikovun və bəzi futbolçuların müxtəlif problemlər üzündən olmamağı məşqçilər heyətini düşündürür.

Məlikov “Adana Dəmirspor”da matçda aldığı birbaşa qırmızı vərəqəyə görə 4 oyunluq cəzalandırılıb. Bunun birini arxada qoyan müdafiəçimiz növbəti turda “Göztəpə” ilə matçda komandasına kömək edə bilməyəcək.

Dərvənt heyətlə bağlı belə problemlə üzləşməyi planlaşdırmadıqlarını söyləyib: “Bunu minimum zərərlə adlamağa çalışacağıq. Cəzalı müdafiəçilərimizin yerinə oynayacaqları hazırlamağı düşünürük. Onlar “Dənizlispor”un vəziyyətinə görə alınmalı xal və ya xallara töhfə verəcəklər. Futbolçularımız buna hazırdır. Önəmli olan “Dənizlispor”un uğurudur”.

Dənizli təmsilçisində oynayan digər futbolçumuz – yarımmüdafiəçi Arif İsayevin isə zədə problemi var. Çalışdırıcı bütün zədəli oyunçularının vəziyyətinin yaxşılaşmağını gözləyir: “Tibbi heyətimiz bunun üçün əllərindən gələni edirlər. Ümid edirəm ki, zədəlilərimiz matça qədər heyətə qatıla biləcək vəziyyətdə olacaqlar”.