“İnter” “altılığ”a yox, çempionluğa oynayır” - MÜSAHİBƏ
15.02.2013 - 16:11
“İnter” “altılığ”a yox, çempionluğa oynayır” - MÜSAHİBƏ
“Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynovun apasport.az saytına müsahibəsi

- Qarşıdan “İnter”lə oyun gəlir. Bu qarşılaşma ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Çox çətin olacaq. Bakıya xal dalınca gəlirik. Bizim üçün önəmi böyük olan qarşılaşmadır.

- Bu rəqiblə oyunlarınız həmişə çətin alınır. Necə düşünürsüz, bu nə ilə əlaqədardır?
- Futboldur da... “İnter”i bu mövsüm evdə 1:0 hesabı ilə məğlub etmişik. Ancaq düz deyirsiz ki, bu komanda ilə oyunlarımız həmişə çətin keçir. Çox vaxt “İnter”ə qalib gələ bilməmişik.

- Bəlkə “İnter”in müdafiəsinin ölkədə həmişə öncüllərdən olması hücumçularınızın işini korlayır?
- “İnter” nəinki müdafiə, hücum xətti ilə də seçilən komandadır. Burda yaxşı legionerlərlə yanaşı, yerli oyunçular da var. Ancaq biz də zəif rəqib deyilik. İnşallah, bu oyundan xal və ya xallar götürəcəyik.

- Rəqib sizdən fərqli, artıq ilk “altılığ”a vəsiqəni təmin edib. Bu baxımdan xallar “İnter”dən çox sizə lazımdır. Bu baxımdan rəqib futbolçularda motivasiyanın sizə nəzərən aşağı olması işinizi yüngülləşdirə bilərmi?
- Mən belə düşünmürəm. “İnter” ilk “altılığ”a yox, çempionluğa oynayır. Düşünmürəm ki, onlar meydana rahat çıxsınlar. Məncə, hər iki komandanın ifasında meydanda gərgin mübarizənin şahidi olacağıq. Bu oyunda qələbə qazansaq, Avroliqaya daha yaxın olacağıq. Əks halda, “İnter” çempionluğa bir addım da atmış olacaq.

- Məşqlərdən sonra bu dəfə də Deyan Kelharla birgə müdafiənin mərkəzində yer alacağını hiss etmisiz?
- Açığı, heyət hələ bilinmir. Buna oyuna 1-2 saat qalmış aydınlıq gəlir. Bu gün mən, sabah başqası start heyətdə oynaya bilər. Baş məşqçi nə vaxt şans versə, çıxıb oynayaram.

- Əsas rəqibiniz Umar Kalabandır...
- Buna rəqib yox, rəqabət deyərdim. Daniel Kruz da mənim mövqeyimdə oynaya bilir. Yeri gələndə müdafiənin sağ və solunda da çıxış etməyi bacarıram. Kimi və harda oynatmaq lazım olduğunu baş məşqçimiz daha yaxşı bilir.

- “Qarabağ”la matçda start heyətində meydana çıxsaz da, penaltiyə səbəb olduz...
- Futbolda olur belə şeylər. İnşallah, baş məşqçi bu dəfə də mənə şans versə, həmin səhvimi yumağa hazıram.

- Həmin penaltidən sonra Ramiz Məmmədov sizə irad tutdu, yoxsa “hər futbolçunun başına gələ bilər” deyib, bunun üstündən keçdi?
- Ramiz müəllim bir böyük qardaş kimi mənə səhvlərimi başa saldı. Çünki özü də müdafiəçi olub. Məni daha yaxşı başa düşür. O da gələcəkdə belə bir səhvə yol verməməyimi istəyir. Mənimlə məşqçi kimi yox, bir böyük qardaş kimi söhbət etdi.

Səbuhi TOFİQOĞLU