“Barselona”nın heyətində çıxış etmək şansım var idi”
16.02.2013 - 01:26
“Barselona”nın heyətində çıxış etmək şansım var idi”
“Latsio”da forma geyinən Miroslav Kloze İspaniya mətbuatına karyerası və aldığı transfer təklifləri ilə bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, almaniyalı hücumçu “Barselona”da oynamaq imkanlarının olduğunu bildirib.

34 yaşlı futbolçu “Bavariya”ya transfer olunmasının yaxşı seçim olduğunu ifadə edib: “Barselona”nın heyətində çıxış etmək şansım var idi. Amma bu 2007-ci ildə olub. O klubda oynamağı çox istəyərdim. Çünki onlar dünyanın ən yaxşı komandasıdır. Artıq orada oynamaq möcüzə olardı. Lakin dediyim kimi bunlar geridə qaldı. Daha sonra “Bavariya”ya transfer olundum. Bu da yaxşı bir seçim idi. Çünki Münhen təmsilçisində bir çox şey öyrəndim”.

Kloze 2011-2012-ci il mövsümünün əvvəlində “Latsio”ya transfer olunmasının səbəblərini açıqlayıb: “Həmin zaman İngiltərə, Almaniya və Türkiyədən təkliflər aldım. Ancaq həyat yoldaşım və uşaqlarımla danışdıqdan sonra “Latsio”nu seçdim. İtaliyanı seçdiyim üçün biz çox xoşbəxtik”.

Qeyd edə ki, Kloze “Latsio”nun heyətində 49 matçda meydana çıxıb və 27 qola imza atıb.