“Lənkəranda təzyiq olacaq və buna əvvəldən hazır olmalıyıq”
16.02.2013 - 13:27
“Lənkəranda təzyiq olacaq və buna əvvəldən hazır olmalıyıq”
“Biz “Xəzər Lənkəran”la çox çətin oyun gözləyir. Qarşıdakı səfər matçında xal qazanmağa çalışacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan”ın baş məşqçisi Əfqan Talıbov deyib. Topaz Premyer Liqasında qış fasiləsində keçirdi hər 2 oyunda uduzan tovuzlular qol da vurmayıb. İndi komandanı növbəti çətin qarşısındadır ki, bu da “Xəzər Lənkəran”la sabahkı səfər oyunudur.

Talıbov bu həftə “Bakı”ya 0:4 hesablı məğlubiyyətdən sonra futbolçuların ilk növbədə psixoloji hazırlıqlarının yaxşılaşdırılmağına diqqət yetirdiklərini bildirib: “Əlbəttə, belə nəticədən sonra psixoloji planda gərginlik var və bunun üzərində çalışırıq. Futbolçulara onu bildiririk ki, buraxılan səhvlər üzərində işləyib, nəticə çıxartmaq lazımdır. Normal oynayırıq, ancaq rəqibin təzyiqi artırmağı nəticəsində futbolçuların buraxdığı səhvlər qapımızda qolla nəticələnir. Təbii ki, Lənkəranda təzyiq olacaq. Buna görə oyunun əvvəlindən buna hazır olub, buraxdığımız səhvləri təkrarlamamalıyıq”.

Çalışdırıcının sözlərinə görə, “Xəzər Lənkəran” bu il keçirdiyi ilk oyunda – evdə “İnter”ə 2:3 hesabı ilə uduzduğu matçda yaxşı təsir bağışlayıb: “Lənkəranlılar həmin oyunu sona kimi hücumda keçirdilər. Onlar buraxdıqları qoldan sonra aramsız hücumlar edirdilər. “İnter” isə oyunun müəyyən epizodlarında, daha çox əks-hücumlarda şanslarından istifadə edərək, fərqləndi. “Xəzər Lənkəran”ın qapıçısının buraxdığı ilk qolu gözlənilməz olaraq, öz sözünü dedi. Futbolda belə şeylər olur və hər şeyə hazır olmaq lazımdır”.

“Turan”a qayıdandan sonra kapitan sarğısı etibar edilən qapıçı Kamal Bayramov “Bakı” ilə oyunda səhvə yol verib. Üstəlik, Kamal “Xəzər Lənkəran”dan gəldiyindən, Lənkərandakı matçda psixoloji durumundan çox şey asılı olacaq. Talıbov deyib ki, əsas strategiyalarından biri heyəti düzgün müəyyənləşdirmək olacaq: “Optimal heyəti müəyyənləşdirib, əvvəlki 2 oyunumuzdakı səhvləri aradan qaldırmalıyıq. Bizdə qapıçı mövqeyi problem deyil. Üç qapıçımız var və hamısı da eyni gücə malikdir. Ancaq kimə üstünlük verəcəyimizi hələ müəyyənləşdirməmişik. Start heyəti ilə bağlı sabah oyun öncəsi qərar verəcəyik”.

Qeyd edək ki, “Turan” ilk dövrədə evdə “Xəzər Lənkəran”a 2:1 hesabı ilə qalib gəlib. Komandaya qələbəni sonradan meydana çıxaraq dubl edən lənkəranlıların malili sabiq hücumçusu Salif Ballo qazandırıb.

Mehman SÜLEYMANOV