Bu da FİFA referisi...
18.02.2013 - 11:43
Bu da FİFA referisi...
Dünən “Şəfa” stadionunda mərkəzi görüşlərdən biri baş tutdu. “İnter” - “Qəbələ” matçından söz açıram. Bəlkə də bu stadion sonuncu dəfə bu qədər izdihamlı kütləni 17 yaşadək qızlar arasında keçirilən dünya çempionatı zamanı görmüşdü.

İnsafən, ortaya qoyulan futbol arenaya toplaşan çoxsaylı azarkeş kütləsinin və futbol ictimaiyyətinin nümayəndələrinin ürəyincə oldu. Xüsusən ilk yarıda komandaların ifasında açıq futbola tamaşa edən tamaşaçılar sonda arenanı gülə-gülə tərk etdilər.

Düşünmək olardı ki, gülənlər “İnter” fanklubunun üzvləri və ya ürəyində “İnter” sevgisi olan sadə insanlardır. Ancaq gülənlərin kim olduğuna baxanda, azarkeş təbəqəsinin tək “ağlı-göylü” yox, “qırmızılı-qaralı” fanatlardan da ibarət olduğunu gördüm.

Yaxınlaşıb “Qəbələ” azarkeşindən soruşuram ki, ay balam niyə gülürsən, sənin ki komandan uduzub? Nə desə yaxşıdır... “Qardaş, gülməyim neyləyim, Anar Salmanovu görmədiz? Sarı vərəqə ilə qırmızını ayırd edə bilmir. Bu da bizim FİFA referimiz...” deyə gözlənilməz cavab gəldi.

Bax, bu cavabdan sonra hər şey mənə hali oldu. O dəqiqə yadıma düşdü ki, 38-ci dəqiqədə Anar Salmanov belə bir “qəhrəmanlıq” edib. Kristian Pulhakın rəqib oyunçuya qarşı kobudluğunu Salmanov sarı vərəqə ilə qiymətləndirmək istəsə də, necə olubsa “qırmızı”ya əl atıb. Bilmirəm, onun fikrini həmin an şeytan qarışdırıb, ya yox, hər halda, bunu Salmanovun özündən yaxşı heç kim bilə bilməz.

İnsafən, Hakimlər Komitəsinin rəhbərinin bəh-bəhlə təriflədiyi Anar Salmanov özünü itirmədi, sarı vərəqəni hara qoyduğunu yadına saldı və tez səhvini yudu. Əgər FİFA referimiz “sarı”nı da tapa bilməsəydi, bu daha bir rüsvayçılıq olacaqdı.

Hələ mən onun “Qəbələ”nin oyunçusunun adını protokolda ağlına gələn kimi yazmasını qeyd etmək istəmirəm. Qeyd etsəm, bilərsiz ki, serbiyalı müdafiəçi Valentiç 5-ci dəqiqədə sarı vərəqə alarkən doğma adı Nikoladan məhrum edilib. Yəqin indidən sonra Salmanov bu futbolçunun isminin məşhur Xruşşovun adı olan Nikita yox, Nikola olduğunu əzbər biləcək...

Səbuhi TOFİQOĞLU