Ruslan Abışovun “Erebru”ya keçidi niyə baş tutmayıb?
18.02.2013 - 14:48
Ruslan Abışovun “Erebru”ya keçidi niyə baş tutmayıb?
“Anatoli menecer kimi işini davam etdirir. Açığı, onun işlərinə qarışmıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi İqor Ponomaryov deyib.

53 yaşlı mütəxəssisin hələ “Qarabağ”ı çalışdırdığı vaxtda rəhbərliyi altında oynamış oğlu Anatoli Ponomaryov futbolçu karyerasını erkən başa vurmalı oldu. 31 yaşlı Anatoli 2011-ci ildən menecer kimi çalışır.

Ponomaryov bildirib ki, oğlu milimizin futbolçusu Ruslan Abışovun karyerasını İsveçdə davam etdirmək variantına çalışırdı: “Ruslanın “Erebru”ya keçidi variantı yarananda, Anatoli dostu ilə birgə çalışırdı. İsveç təmsilçisi futbolçumuzu istəyirdi, hətta nümayəndələri Bakıya oyuna baxmağa gəlmişdi. Onda Ruslan “Neftçi”də idi. Ancaq Abışov “Erebru” nümayəndələrinin izlədiyi çempionat matçında uğursuz oynadı. Belə alındı ki, isveçlilər həmin anda ona baxışı dayandırdı”.

Mehman SÜLEYMANOV