“Neftçi”nin hədəfindəki futbolçu: Gərək baş məşqçi də məni istəsin...
18.02.2013 - 15:52
“Neftçi”nin hədəfindəki futbolçu: Gərək baş məşqçi də məni istəsin...
“Gələcək karyeramla bağlı qərar verməkdə tələsmirəm. İstəyirəm ailəmlə birlikdə məsləhətləşib, hara gedəcəyimi müəyyənləşdirək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Şlensk” klubunun futbolçusu Sebastyan Mila deyib.

Ötən ay Bakının “Neftçi” klubuna keçidi gündəmdə olan polşalı hələ də bu variantın mümkünlüyünü istisna etmir. Lakin Mila artıq başa düşüb ki, Azərbaycanın ən titullu klubunda sevilməsi çətindir: “Azərbaycana getmək çox çətin olardı. O kluba keçəcəyəm ki, məni həmin komanda da, baş məşqçi də istəsin. Bu daha vacibdir, nəinki orda qazanacağım pul. Çünki bu yaşadək pul qazanmayan, bundan sonra qazana bilməz. Axı 2 ildə karyera boyu qazanılanı əldə etmək olmaz”.

Qeyd edək ki, bir müddət əvvəl “Neftçi” rəhbərliyi ilə Mila arasında mətbuat vasitəsilə “deyişmə”si müşahidə olunduğundan transferin gerçəkləşməsi baş tutmamışdı.