“Məni görən kimi, pasport düzəltməyi təklif etdilər” – MÜSAHİBƏ
19.02.2013 - 00:03
“Məni görən kimi, pasport düzəltməyi təklif etdilər” – MÜSAHİBƏ
Milli komandanın futbolçusu Rizvan Umarov Rusiyanın “Futbolnıy Peterburq” nəşrinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, “Zenit” İOEUGİM – “Rus” oyununda texnikası, topla rəftarı, “Anji”nin mərakeşli futbolçusu Mubarak Bussufaya oxşaması Rizvandan müsahibə götürülməsini zəruri edib.

- Böyük futbola yolun necə başladı?
- Mən Stavropolda doğulmuşam. Oynamağıma görə atama minnətdaram. O məni dostlarımla oyunlara aparardı. Məndə isə futbol oynamaq pis alınmazdı. Beləliklə, peşəkar karyera haqda düşünməyə başladım. Atam isə məni bu seçimdə dəstəklədi. Bununla yanaşı, təhsil almağımı da istəyirdi. Həmişə mənə dərslərimə pis hazırlaşsam, məşqlərə getməyə qoymamaqla hədələyərdi. Əvvəldən ilk növbədə dərs dayanırdı. Dərslərimi yaxşı öyrənsəydim, onda futbola çox vaxt ayıra bilərdim.

- “Zenit” İOEUGİM-in yetirməsisən. Sankt-Peterburqa neçə yaşında köçmüsüz?
- 17 yaşımda.

- Əvəzedici komandaya səni götürmədilər?
- Yox. Nəinki “Zenit”in əvəzedicilərinə götürmədilər, heç toplanışlara da aparmadılar.

- Necə düşünürsən, səbəb nədir? Sən axı yeniyetmələr arasında müəyyən ad qazanmışdın. İspaniyada oynamışdın, Azərbaycan yığmasında debüt etmişdin.
- Kimisə incitmək istəmirəm. Ancaq düşünmürəm ki, “Zenit” Akademiyasının hər hansı bir oyunçusuna uduzuram və ya uduzmuşdum. Ola bilsin ki, hansısa maliyyə məsələləri həmişə mənim xeyrimə olmayıb. Ola bilər.

- Sənin ikili vətəndaşlığın var: Rusiya və Azərbaycan. Hansı yığmanı seçərsən sualı qarşısında qalanda ikinci variantı seçdin. Nəyə görə?
- Əvvəla onu bildirim ki, mənim Azərbaycan yığmasında oynamağa dair planlarım olmayıb. Bu təsadüfən alındı. İkincisi, soyadımdan da göründüyü kimi rus deyiləm. Məni görən kimi, pasport düzəltməyi təklif etdilər. Bununla yanaşı, Rusiya vətəndaşlığından imtina etməyəcəkdim.

- Şəhərimizdə illin əvvəlində ardıcıl iki turnir keçirildi: “Memorial Qranatkin” və “Birlik Kuboku”. Həmin yarışlarda iştirak etdin?
- Hə. “Qranatkin”də Azərbaycanın yeniyetmə yığmasının heyətində oynadım. “Birlik Kuboku” haqda isə eşitdim.

- Yaxşı indi keçək birbaşa oyunlara. Hansısa müsahibəndə oxumuşdum ki, hücum zamanı sən müxtəlif cinahlarda oynaya bilirsən.
- Əvvəllər mən hücumun cinahlarında oynamışam. “Zenit” İOEUGİM-ə keçərkən məşqçim məni daha çox mərkəz hücumçusu kimi oynatdı. İspaniyaya gedəndə də hücumun sivri ucunda yer alırdım. Berti Foqts yığmada “Yunion Berlin”lə yoldaşlıq oyununda məni mərkəz yarımmüdafiəçisi kimi sınadı. Ordakı çıxışım da pis alınmadı.

- Azərbaycanın gənclər yığmasında oynayarkən səni “Valensiya”nın seleksionerləri gördü və baxışa dəvət etdilər.
- Hə, elədir. Super idi. Hər bir futbolçu belə bir klubda oynamağı arzulayır.

- “Yarasalar”ın heyətində möhkəmlənmək şansın oldu? Orda nə qədər müddət oldun?
- 2-3 həftə. Əvvəlcə ikinci komanda ilə məşq etdim, sonra isə yeniyetmələrlə. Yeniyetmə komandada xüsusi bir şey yox idi. Ancaq ikinci komandada hamı çox peşəkar idi, ciddi səviyyə fərqi vardı. Onlar Rusiya birinci dəstəsində rahat oynaya bilər.

- “Valensiya” kimi belə ciddi ispan klubunda məşq etmisən, “Qranada”da oynamısan, indi isə “Elçe”dəsən. İspaniyadakı hazırlıqları bizimki ilə müqayisə edə bilərsən?
- Fərq var. Fikrimcə, İspaniyada daha düzgün hazırlıqlar keçirilir. Başqa cür məşqlər olur. Əsas fərq isə ötürmələrlə bağlıdır. Topla çox rəftar etməlisən. Daha Rusiya və başqa ölkələrdə olduğu kimi orda belə bir şey yoxdur ki, hamını trenajor zalına toplasınlar, ağırlıq qaldırmağa və ya press yığmağa məcbur etsinlər. Paltardəyişmə otağının yaxınlığındakı “kaçalkalar”a daha çox qapıçılar gedir.

- Azərbaycan yığmasını 1996-da Almaniya millisini Avropa çempionu edən məşhur Berti Foqts çalışdırır. Bunu bilmək maraqlıdır, siz onunla necə çalışırsız və hansı dildə onunla danışırsız?
- O, əcnəbidir. Gələn kimi kömək üçün ona tərcüməçi verdilər. Belə ünsiyyət qururuq. Birinci komandadan dəvət gəlməsini çox istəyirəm.

- Eşitmişik ki, “Severo-Zapad” MRO turnirindən sonra “Anji” ilə Türkiyəyə toplanışa gedəcəksən. Bu məlumat həqiqəti əks etdirir?
- Hə, bu düzdür.

- Bu komanda haqda nə düşünürsən?
- Sevinirəm ki, onlar məni toplanışa dəvət edib. Mənim üçün böyük şansdır. Nə demək olar, komanda güclüdür, hazırda Rusiya futbolunun liderlərindən biridir. Hesab edirəm ki, bu klub inkişafını davam etdirəcək və bir neçə ildən sonra “Mançester Siti”, “Mançester Yunayted” və başqa Avropa qrandları ilə eyni səviyyədə dayanacaq. Maliyyə baxımından klubun problemi yoxdur. Onlar yalnız səviyyəli futbolçular alır. Yaxınlarda Donetsk “Şaxtyor”unun oyunçusu Villianı heyətə qatdılar, çox güclü oyunçudur. “Anji” Rusiyanın ən güclü klubu ola bilər. Bu mənim fikrimdir.