“Futbol üçün darıxmışam”
18.02.2013 - 21:27
“Futbol üçün darıxmışam”
“Bildiyiniz kimi, topuq oynağımda iki yerdən sınıq və bağımda qopma vardı. Sağ ayağıma gips qoyulmuşdu. Ötən həftə həkimlər gipsi açdılar. Zədəm yavaş-yavaş yaxşılığa doğru gedir. Sınıq hissələrdə elə bir problem qalmayıb. Amma əzələlərim tam bərpa olmadığından hərdən yüngül ağrılar olur. Həftənin sonuna kimi məşqlərə başlamalıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Emin Əliyev deyib. Məşq prosesində zədələnməklə, uzun müddətə sıradan çıxan gənc oyunçu durumu ilə bağlı klubun saytına açıqlama verib.

Hazırda müalicəsini davam etdirən yarımmüdafiəçi futbol oynamaq üçün darıxdığını bildirib. Əliyev komanda yoldaşlarına meydanda kömək etmək istədiyini vurğulayıb: “Zədə hər bir futbolçunun, idmançının üz-üzə qalacağı problemdir. Bundan sığortalanmaq mümkün deyil. Şükürlər olsun ki, hər şey geridə qalıb. İndi əsas istəyim tezliklə meydana qayıtmaqdır. Məşq edib, gücümü bərpa etməliyəm. Forma yığdıqdan sonra oynaya biləcəyəm. Futbol üçün darıxmışam. Oynamaq, komandama yardımçı olmaq istəyirəm”.