Vüqar Nadirov rəqibdən və çempionluqdan danışdı
20.02.2013 - 15:10
Vüqar Nadirov rəqibdən və çempionluqdan danışdı
“Rəvan” qışdan sonra keçirdiyi hər 2 oyunda qalib gəlib. Bu komanda istənilən rəqibə baş ağrısı yaratmağa qadirdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Vüqar Nadirov deyib.

Topaz Premyer Liqasının XXI turunun “Rəvan”la oyunu haqda fikirlərini açıqlayan 26 yaşlı hücumçu bildirib ki, meydana yalnız qələbə üçün çıxacaqlar: “İlk dövrədə baş tutan oyunda qalib gələ bilməmişdik. Rəqibin cüzi də olsa “altılıq” şansları qalır. Ona görə də var güclərini meydana qoyacaqlar. Bilirik ki, bizi çətin oyun gözləyir. Amma təbii ki, meydana 3 xal üçün çıxacağıq”.

Nadirov qış transferlərindən sonra komandada rəqabətin artdığını da bildirib: “Qışda bir neçə transfer etmişik. Bu, istər-istəməz həm komandanı gücləndirib, həm də rəqabəti artırıb. “Qarabağ”ın hücumçu probleminin olduğunu düşünmürəm. Hazırda Vaqif Cavadov ön xəttin sivri ucunda çıxış edir və heç də pis təsir bağışlamır. Hələ Branimir Subaşiç də var. Ümumiyyətlə, kim oynayırsa oynasın, bizim üçün fərq yoxdur. Hamı çıxıb komandaya fayda verməyə çalışır”.

Vüqar komandasının ən yüksək hədəflər uğrunda mübarizə apardığını vurğulayıb: “Cari mövsüm qarşımıza çempionluq hədəfi qoyulub. Amma bizim hədəfimiz hər matça çempionluq görüşü kimi çıxıb qalib gəlməkdir. “Rəvan”a da məhz istək və arzuyla yanaşırıq”.