“Liderliyə yüksəlmək qarşıdakı oyunlar üçün əla motivasiyadır”
24.02.2013 - 11:21
“Liderliyə yüksəlmək qarşıdakı oyunlar üçün əla motivasiyadır”
“İnter”lə oyun çox yaxşı keçdi. 3 xal qazanmaq istəyirdik. Buna nail olduğumuza görə, çox xoşbəxtəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun yarımmüdafiəçisi Julius Vobay deyib.

Topaz Premyer Liqasının “Bakcell Arena”da keçirilən oyununda “İnter”i məğlub edən son çempion həm də liderliyə yüksəldi. Oyunda vurulan ilk qolda isə Juliusun əməyi danılmazdır. Sağ cinahdan cərimə meydançasına yerlə ötürməni Nikolas Kanales Georgi Lomayanın qoruduğu qapıdan keçirdi. Təbii ki, uzun fasilədən sonra əsas rəqibini məğlub edən “Neftçi”nin əsas mərhələnin sonuna bir tur qalmış liderliyə yüksəlməsi qarşıdakı oyunlar üçün əla motivasiyadır. Bunu xüsusi vurğulayan yarımmüdafiəçi sevincini də gizlətməyib: “Əlbəttə, liderliyə yüksəlmək yaxşı haldır. Biz ikinci pillədə idik və rəqibdən 2 xal geri qalırdıq. İndi onları 1 xal üstələdik. Bu “altılıq” mərhələsi üçün əla göstəricidir. Buna ancaq sevinmək olar”.

Oyundan meydanı axsayaraq tərk edən futbolçunu zədəsi isə ciddi deyil: “Ciddi deyil. Özümü yaxşı hiss edirəm. Hər şey yaxşıdır”.