“Verilən tapşırıqları yerinə yetirə bilmədik” – MÜSAHIBƏ
24.02.2013 - 12:00
“Verilən tapşırıqları yerinə yetirə bilmədik” – MÜSAHIBƏ
“İnter”in yarımmüdafiəçisi İbrahim Niassanın apasport.az saytına müsahibəsi

- “Neftçi”yə niyə məğlub oldunuz?
- Həqiqətən də biz çox pis oynadıq. Ancaq bizim əksimizə olaraq “Neftçi” çox yaxşı oyun nümayiş etdirdi. Demək olar, verilən tapşırıqları yerinə yetirə bilmədik. Artıq bu oyunu unutmalı, növbəti qarşılaşmalar haqda düşünməliyik.
- Qol buraxana qədər sırf müdafiəyə çəkilmişdiniz. Deyəsən, meydana heç-heçə üçün çıxmışdınız?
- Biz oyunumuzu əks-hücumlar üzərində qurmuşduq. Ancaq yaxşı oynaya bilmədik. Qoldan sonra bir neçə hücum təşkil etdik, lakin rəqib qapısına yol tapa bilmədik.
- Pis oynamağınızın səbəbi nə idi? Həqiqətən də “İnter” mövsümdəki ən pis oyunlarından birini keçirdi. Nə baş vermişdi?
- Heç nə baş verməmişdi. Sadəcə oyunumuz alınmadı. Müdafiədə səhvlərə yol verdik və “Neftçi” də bundan istifadə etdi.
- Məğlub olmaqla həm də liderliyi əldən verdiniz. Bu komandada ab-havanı korlamayacaq?
- Bir oyuna görə, ab-hava niyə korlanmalıdır. Bir turdan sonra “altılıq” oyunları başlayacaq. Biz “Neftçi” ilə iki dəfə üz-üzə gələcəyik. Aradakı xal fərqi də böyük deyil. Onlardan cəmi iki xal geri düşdük.
- Bəs əvəz edilməyiniz nə ilə bağlı idi? Yorulmuşdunuz?
- Bu baş məşqçinin qərarıdır. Təbii ki, yorğunluq da hiss olunurdu. Həm də yüngül zədə aldım.
- Növbəti rəqibiniz də çempionluq uğrunda mübarizə aparan “Qarabağ”dır. Həmin oyun haqda nə düşünürsüz?
- Çox çətin oyun olacaq. Bir gün istirahət etdikdən sonra həmin qarşılaşmanın hazırlığına başlayacağıq.
- Həmin oyunda meydana çıxa biləcəksiniz?
- Heç bir problem yoxdur.