“Böyük beşlik”siz
24.02.2013 - 12:48
“Böyük beşlik”siz
Azərbaycan çempionatları tarixində ilk dəfə yarış ardıcıl 4-cü dəfə eyni formatda keçirilir. Apasport.az saytının məlumatına görə, 2009/10 mövsümündən tətbiq olunan indiki formatda xüsusi bir tendensiya müşahidə olunurdu. Belə ki, əvvəl qızıl xallar, sonrakı 2 mövsümdə əvvəl yığılan xalların davamı ilə gedən mübarizədə ənənə yaşanırdı.

Bu ənənəyə əsasən Azərbaycan futbolunda “Böyük beşlik” formalaşmışdı. Bu isə o deməkdir ki, 5 klub 2009/10, 2010/11 və 2011/12 mövsümlərində ilk “altılıq”da yer almışdı. Söhbət “İnter”, “Neftçi”, “Qarabağ”, “Bakı” və “Xəzər Lənkəran”dan gedir.

“Böyük beşlik”lə yanaşı “altılığ”a qoşulan 6-cı komanda isə dəyişirdi. 2009/10 mövsümündə bu “Qəbələ”yə müyəssər olmuşdu. Növbəti çempionatda onları AZAL əvəz etdi. Sonrakı mövsümdə yenidən “Qəbələ” “Böyük beşlik”lə bir arada yer aldı.

Cari mövsümdə də ilk “altılıq”da “Böyük beşlik” klublarının olacağı gözlənilən idi. “İnter” hamıdan əvvəl, az sonra isə “Neftçi” və “Qarabağ” ardıcıl 4-cü dəfə mükafatlar uğrunda mübarizəni davam etdirəcəyini rəsmiləşdirdi. Lakin...

İlk dəfə “altılığ”a düşən “Simurq” və bu tur 3-cü dəfə bunu bacaran “Qəbələ” “Böyük beşliy”in dağılmasını şərtləndirdi. Belə ki, “altılığ”a cəmi 1 vəsiqə qalsa da “Böyük beşlik”dən 2 komanda – “Bakı” və “Xəzər Lənkəran” hələ də vəsiqəni təmin etməyib.

Bu isə o deməkdir ki, “Böyük beşlik”dən ən azı biri – ya “Bakı”, ya “Xəzər Lənkəran” “altlıq”dan kənarda qalacaq. AZAL və ya “Sumqayıt”ın birinin 6-cı pilləyə yiyələnəcəyi halda isə hər “Böyük beşlik”dən ikisi kənarda qalacaq. İstər “Bakı”, istər “Xəzər Lənkəran”, istərsə də hər ikisinin kənarda qalacağı halda isə bu o demək olacaq ki, artıq Premyer Liqamızda “Böyük beşlik yoxudur. Bunu isə artıq indidən söyləmək olar.