“Qayıdışım niyə rezonans doğurmalıdır ki?”
25.02.2013 - 13:04
“Qayıdışım niyə rezonans doğurmalıdır ki?”
“Xəzər Lənkəran”ın yeni idman direktoru Babək Quliyevin apasport.az saytına müsahibəsi

- İlk olaraq təyinatınızla bağlı fikirlərinizi bilmək istərdik...
- Məlum hadisələrdən sonra 4 il futboldan qıraqda qaldım. “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov sağ olsun ki, məni bu gündən klubuna idman direktoru vəzifəsinə təyin etdi. Futbola qayıtdığıma görə çox sevinirəm. “Xəzər Lənkəran” üçün bacardığı köməyi etməyə hazıram. Bu cəhətdən problem olmamalıdır.

- Hakimlikdən kənarlaşdırıldığınızdan sonra qayıdışınızın belə olacağını gözləyirdiniz?
- Əlbəttə, yox. Mən gözləyirdim ki, hakimliyə qayıdım. Hər halda, bu da futboldur, futbolun içindəyəm. Başqa idman növü deyil ki, deyim ki mənə tanış olmasın. Mən ömrümü futbola vermiş bir insan kimi komandada çalışıramsa, bu da mənim üçün bir işdir.

- Belə demək olar ki, hakimliyə qaytarılmağınız real olmadığından, yenidən bu işdə olmayacağınızla artıq barışmısınız?
- Bilirsiniz, həyatda heç vaxt demək olmaz ki, bu gün nə olacaq, sabah nə. Bu gün reallıq budur ki, “Xəzər Lənkəran” rəhbərliyi məni bu vəzifəyə təyin etdi. Mən də komandada işləmək təklifini qəbul elədim.

- İdman direktoru olaraq qarşınızda duran vəzifə nədir?
- İşim “Xəzər Lənkəran”ın əsas, əvəzedici komandasının, uşaq futbolunun, bütün yaş qruplarının inkişafına bacardığım köməyi etməyə yönələcək.

- Siz hakim olduğunuzdan, indiki vəzifədə işləmək praktikanız olmayıb. Bu, sizə çətinlik yaratmayacaq?
- Hakim ömrü boyu futbolda olan bir şəxsdir. Mən sizə bir misal gətirim ki, “Şaxtyor”un idman direktoru slovakiyalı Lüboş Mihel uzun illər hakim olub. Azərbaycanda da bu praktika var. Sabiq FİFA hakimi Tahir Süleymanov “Neftçi”nin vitse-prezidentidir. Fikrimcə, mənim hakim olmağım bu işimdə mənə bir az çox kömək edəcək.

- Sizcə, qayıdışınız bu cür olmağı müəyyən rezonans doğuracaqmı?
- Mən bilmirəm ki, nə rezonans doğuracaq. Niyə də rezonans doğurmalıdır ki? Mən Azərbaycan futbolu üçün öz canımı, qanımı heç vaxt əsirgəməmişəm. Azərbaycan futbolu üçün bacardığım nailiyyətləri etmişəm. Əsas odur ki, mən futbola qayıtmışam. Mən hakimlikdən uzaqlaşdırılmışam, futboldan ki yox. Mən bir şeyi deyə bilərəm ki, futbola qayıtdığıma görə “Xəzər Lənkəran”ın rəhbərliyinə böyük minnətdarlığımı bildirirəm.

- Maraqlıdır, klub təmsilçisi olduqdan sonra hakimliklə bağlı şərh vermək fikrindəsiniz?
- Birmənalı şəkildə yox. Bu, peşəkarlıqdan uzaq olan bir şeydir. Ona görə də mümkün olan deyil. Mən öz komandamla, onun problemləri ilə məşğul olacağam.

- Bununla bağlı əsas nəyə diqqət yetirəcəksiniz?
- Bilirsiniz ki, “Xəzər Lənkəran” “altılıq”dan kənarda qala bilər. Əsas diqqətimizi ora düşməyə, habelə qarşıdakı kubok oyunlarına yönəldəcəyik. Komandanın Avropaya çıxmağı üçün ən şanslardan biri kubokdur. Bildiyiniz kimi, “Xəzər Lənkəran”ın gələn il 10 illiyidir və komandanı buna hazırlamaq lazımdır. Hansısa bir kluba təyin olunan şəxs onun inkişaf etməyini istəyər.

- Konkret həyata keçirmək istədiyiniz hansı planlar var?
- Gəlin, hələ bu haqda danışmayaq. Mən birinci gündür bu vəzifəyə təyin olunmuşam. Əlbəttə, planlar var. Plansız iş ola bilməz. Mən bir az vaxt verin, onları sizə açıqlayaram.

- Bundan əvvəl postunuzu tutan türkiyəli Cüneyt Biçər komandada baş məşqçi olub. Siz gələcəkdə bu vəzifədə özünüzü sınamaq istərdiniz?
- Birmənalı şəkildə xeyr. Mən baş məşqçi ola bilmərəm. Qardaş, mən idman direktoruyam və futbolda bildiyim şeyləri bu komandaya vermək istəyirəm. Mən Lənkəran klubunun uğurları üçün çalışacağam.

Mehman SÜLEYMANOV