“Kiminsə marağındadır ki, “Xəzər Lənkəran” “altılığ”a düşməsin” – MÜSAHİBƏ
25.02.2013 - 14:22
“Kiminsə marağındadır ki, “Xəzər Lənkəran” “altılığ”a düşməsin” – MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi

- Komandanız son turda “Qəbələ”yə uduzmaqla, “altılığ”a düşmək işini çətinləşdirdi...
- Deyərdim ki, komandamız oyununa görə “Qəbələ”dən heç də geri qalmırdı. Təəssüf ki, buna baxmayaraq, uduzduq. Bundan sonra axıra kimi mübarizə aparmaq lazımdır. Qarşıda 3 oyunumuz var: fevralın 27-də, martın 3-də və 7-də. Ölkə kubokunda 2 və çempionatda “Sumqayıt”la matçda mütləq qələbə qazanmağımız lazımdır. Vəsiqə baxımından hələ hər şeyi itirməmişik.

- Ancaq Qəbələdəki matçda 1 xal qazansaydınız, indi 6-cı pillədə olardınız və hər şey öz əlinizdə idi...
- Komanda üzvləri də xal qazanmaq üçün əllərindən gələni elədi. Ancaq təəssüflər olsun ki, həmişəki kimi hakimlik bərbad gündə idi. Bunu tək mən yox, yüz minlərlə azarkeş televiziya vasitəsilə izləyirdi. Eyni hal “İnter”lə oyunumuzda da idi. Hakim lazımı anda 11 metrlik cərimə zərbəsini vermədi. “Qəbələ” ilə matçda da yersiz qırmızı vərəqə verdi. Adi bir oyun epizodunda guya bizim oyunçu bilərəkdən əllə zərbə yetirir. Yüzdə yüz penalti olmalı idi, vermədi. Mən danışanda, deyirlər ki, Tuyqun hakimlikdən danışır, ay belə deyir, elə deyir. Elə hər zaman Tuyqun danışır. İndi FİFA hakimimiz Babək Quliyev bu gündən klubumuzda çalışacaq. Artıq ictimaiyyət üçün hakimlərə qiyməti Tuyqun Nadirov yox, Babək Quliyev açıqlayacaq. Hakimlər qərəzli olanda, o, fikirlərini bildirəcək. Görüm, bundan sonra nə cavab verəcəklər? Artıq FİFA referisinin sözünə nə deyəcəklər?

- Yeri gəlmişkən, bu təyinat gözlənilməz oldu və müəyyən əks-səda doğuracaq...
- Bildiyiniz kimi, klubumuzda idman direktoru vəzifəsi son vaxtlar boş idi. Bu posta bir neçə namizəd vardı. Klubumuzun prezidenti də Babək Quliyevin namizədliyini daha uyğun bildi. Bu, həm işi, həm də komandanın daxilində nəzarəti gücləndirmək məqsədi güdür. Mən Fariz Yusifovun hakimliyinin bərbad olmağını deyəndə, bəzi AFFA məmurları özlərində günah axtarmaqdansa, hakimi çağırıb, onun haqda ölçü götürməkdənsə, dediklərimi düz qəbul etmirlər. Burda tək bu yox, bir neçə oyundan söhbət gedir. Hətta elə olub ki, “Turan”la oyunda 7-ci dəqiqədə futbolçumuza qırmızı vərəqə göstərilib. Bu, komandamıza qarşı mütəmadi olaraq sistematik şəkildə həyata keçirilir. Bu gün “Xəzər Lənkəran”ın “altılığ”a düşmək az olmasının səbəbi elə bu məsələlərdə yatır. Görək bundan sonra cavabları nə olacaq?

- Bəs qış fasiləsindən sonra komandanızın çıxışı rəhbərliyi nə dərəcədə qane edir?
- Komandamız fasilədən sonra ilk oyundan sonra hakimin də köməyi ilə, buraxdığı erkən qolun yaratdığı çətinlik nəticəsində uduzdu. Bildiyiniz kimi, baş məşqçimiz tərəfindən yeni futbolçular cəlb edilib. Komandamız “İnter”ə qarşı heyəti tam formalaşmış oynayırdı. “Xəzər Lənkəran”ın bu gün şansımızın azalmağının səbəbi “İnter”ə və ya “Qəbələ”yə uduzmağı deyil. Bu, futboldur, biri uduzar da, bir qalib gələr də. Kim üstündür, o da qələbə qazanır. Məsələn, “Qəbələ” çox gözəl oyun nümayiş etdirdi və onun qələbəsinə kölgə salmaq istəmirəm. Eləcə də “İnter”ə, halaldır onlara. Bizim vaxtında “Sumqayıt”, “Turan”, “Simurq”, AZAL-la oyunlarda xal itirmək haqqımız yox idi. Bəli, onlarla oyunlarda xal qazanıb, sonra güclü rəqiblərlə matçlarda nəticə qazanmalı idik. Biz məsələyə belə baxırıq.

- Sizcə, komandanız hazırkı psixoloji durumda qarşıdakı 3 vacib matçda yığışıb, öz sözünü deyə biləcəkmi?
- “Xəzər Lənkəran”ın bugünkü heyəti tam imkan verir ki, Azərbaycanda istənilən komandaya qalib gəlsin. Sadəcə, futbolçularımız dərk eləsinlər ki, “Xəzər Lənkəran”da çıxış edirlər. İnşallah, hər şeyi zaman göstərəcək.

- İndiki vəziyyətdə “Bakı” şəxsi oyunlarda komandanızı qabaqladığınızdan, hər şey onun son turda “Rəvan”la oyununun nəticəsindən asılıdır. Nə proqnoz verə bilərdiniz?
- “Rəvan” da elə-belə komanda deyil. “Bakı” da həmçinin. Həmin gün kim güclüdür, o da qalib gələcək. Hələ tam demək olmaz ki, “Xəzər Lənkəran” “altılığ”a düşəcək, ya yox. İnşallah, bunu martın 3-də biləcəyik. Komandamız çıxıb öz oyununu oynayıb, nəticə əldə etməlidir.

- “Altılığ”a düşməsəniz, artıq martda baş məşqçi postunuzda dəyişiklik mümkündür?
- Baş məşqçi məsələsi ilə qərarı bağlı klubun prezidenti verə bilər. Bundan qabaq mətbuatda yazılırdı ki, komandamız “altılığ”a düşməsə, guya baş məşqçi göndəriləcək. Məndə olan məlumata görə, klubumuzun prezidentinin belə bir fikir yoxdur. Çünki ispaniyalı mütəxəssis elə də uzun müddət deyil ki komandamızda işləyir. Sadəcə, komanda yığışıb, öz oyunumuzu oynamalıdır.

- Elə etməlidir ki, artıq martda mövsüm üçün vaxtından əvvəl bitməsin. Çünki mükafatçılar və ölkə kuboku uğrunda mübarizə apara bilmək qarşıdakı oyunlarda bilinəcək...
- “Xəzər Lənkəran” həm çempionatda, həm də kubokda nəticə qazanmaq üçün oynayır və son illərdə bunu sübut edib. Mən bu fikirləri çox eşidirəm ki, “Xəzər Lənkəran” hər il nəticə qazanmır. Bu, məni çox narahat edir. Bu gün onsuz da “Xəzər Lənkəran”a qarşı mətbuatda çox sayda sifariş xarakterli yazılar gedir. Klubumuzun azarkeşlərinin yanlış istiqamətə yönləndirməyə çalışan bəzi futbol məmurlarına xidmət edən mətbuat əməkdaşları var. Hansı ki onlar klub rəhbərliyi ilə azarkeşləri arasında nifaq salmağa çalışır. Onların da əməyinin bəhrəsidir ki, fikirlər irəli sürülür, deyirlər, “Xəzər Lənkəran” ildən-ilə nəticə qazanmır. Necə qazanmır ki, 2 il qabaq ölkə kubokunu qazandı, çempionatı 2-ci yerdə bitirdi. Ötən il də gümüş medalçı olduq. Yəni komandamız hər il nəticə qazanır. Ötən “Xəzər Lənkəran” tarixində ilk dəfə avrokuboklarda mərhələ adladı. Biz nə əldə ediriksə, bu, halallıqla, düzgün futbol qaydası çərçivəsində olur. Hansısa bir hakim “Xəzər Lənkəran”ın oyununda çox bərbad idarəçilik edirsə və nəticədə məğlubiyyətə uğrayırıqsa, “altılığ”a düşməyə böyük çətinlik çəkiriksə, deməli, bu, kiməsə lazımdır. Kiminsə marağındadır ki, “Xəzər Lənkəran” “altılığ”a düşməsin. Burda tək komandadan, oyundan söhbət getmir. Misal üçün biz düşməsək, başqa rəqib düşəcək, bunları da qoyuram qırağa. Kənar amillər var ki, “Xəzər Lənkəran”ın nəticə göstərməməyinin, daim nəsə problem olmağının marağındadırlar.