“Bakı”nın tarixində ən çox heç-heçə
25.02.2013 - 15:17
“Bakı”nın tarixində ən çox heç-heçə
Topaz Premyer Liqasının XXI turunda “Simurq”la qolsuz heç-heçə edən “Bakı” mövsümdə 12-ci bərabərliyini alıb. Apasport.az saytının məlumatına görə, bu, klubun tarixində rekord göstəricidir. “Bakı” adı ilə 8, buna qədər isə 7 mövsüm ölkə çempionatının güclülər dəstəsində çıxış edən paytaxt təmsilçisi heç vaxt bu qədər “sülhsevər” olmayıb.

2007/08 və 2009/10 mövsümlərinin hərəsində 11, 2004/05 ilə 2010/11-də isə 10 dəfə heç-heçə edən komanda mövsüm başa çatmamış rekord göstəricini rəsmiləşdirib. Artıq 12 bərabərliyi olan “Bakı” cari çempionatda daha 11 qarşılaşmaya çıxacaq.

Azərbaycan çempionatları tarixində 6-cı dəfədir ki bir komanda ən azı 12 heç-heçə edir. “Bakı”ya qədər “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Qəbələ” və “Xəzər Lənkəran” bir mövsümdə 12 və ya daha çox heç-heçə edib.

Mütləq rekord 2009/10 mövsümündə “Neftçi” tərəfindən müəyyənləşdirilib – 14 heç-heçə. Həmin mövsüm “Qarabağ” 12 bərabərliyə imza atıb. Digər 3 komanda isə eyni – 2010/11 mövsümündə hərəyə 12 heç-heçə edib.