“O bilir ki, nə vaxt futbolçularla zarafat etmək olar” – MÜSAHİBƏ
25.02.2013 - 16:47
“O bilir ki, nə vaxt futbolçularla zarafat etmək olar” – MÜSAHİBƏ
“Qəbələ”nin və Azərbaycan milli komandasının futbolçusu Aleksandr Çertoqanovun apasport.az saytına müsahibəsi

- Son turda “Xəzər Lənkəran”la oyunda zədə üzündən artıq ilk hissədə əvəzlədiniz. Vəziyyətiniz necədir?
- Pis deyil. Əzələmi dartmışam. Rentgen müayinəsinə gedəcəyik. Orda baxacağıq ki, zədəm necədir.

- Zədə aldınız epizod necə oldu?
- Rəqib qapıya zərbə vururdu. Mən də onun qarşısını alarkən yerə pis düşdüm.

- İlkin müayinə neçə müddət yaşıl meydandan kənarda qalacağınızı göstərdi?
- Düzü, hələ özüm də bilmirəm. Gərək həkim buna qərar versin. Fikrimcə, 10 gün oynamayacağım dəqiqdir. Millinin qarşıdakı rəsmi oyunlarına kimi sıraya dönməliyəm. Həmin matçlara hələ çox vaxt var. Bir neçə gün gözləmək lazımdır ki, zədəm sağalsın. Baxaq görək vəziyyət necə olacaq. Əlbəttə, milli komandaya qarşıdakı rəsmi oyunlarda kömək etmək istəyirəm. Millimiz üçün hər oyun çətindir. Buna görə gərək həmişə yaxşı hazırlaşmalısan ki, yaxşı oynayasan.

- Belə çıxır ki, “Qarabağ”la ölkə kubokunun ¼ final mərhələsinin oyunlarından kənarda qalmalı olacaqsınız...
- Çox təəssüf ki, belə oldu. Mən belə komandalara qarşı oynamağı çox istərdim. “Qarabağ”la yanaşı, çempionatda AZAL-la oyunumuz var. Bunlar maraqlı komandalardır və onlara qarşı oynamaq mənim üçün həmişə maraqlıdır.

- Sizin yoxluğunuzda “Qəbələ”yə çətin olmayacaq ki?
- Yox. Bizdə çoxlu yaxşı futbolçu var. Mənsiz problem olmayacaq.

- “Qarabağ”ı kubokda kənarlaşdırmaq şansınızı necə dəyərləndirirdiniz?
- Oyuna qədər şanslar həmişə bərabər olur. “Qarabağ” həmişə sabit oynayan, öz oyununa üstünlük verən komandadır. Daim heyətində yaxşı futbolçular var. Baş məşqçi heyəti, oyunu düzgün müəyyənləşdirir. Bir sözlə, rəqibimizdə hər şey sahmanlıdır.

- Zədənizə görə nə qədər üzülsəniz də, komandanızın qalib gəlib, “altılığ”a vəsiqəni rəsmiləşdirməyinə bir o qədər sevindiniz...
- Yaxşı alındı ki, erkən qol vurduq. Bundan sonra əks-hücumlarda yaxşı oynadıq. “Qəbələ” “altılığ”a düşməyə layiq idi. Sadəcə, mövsümü pis başladıq. Uğursuz oyunlar oldu. Nəticədə baş məşqçi postunda dəyişiklik edildi və xallar yığmağa başladıq. Hər şey normal oldu. Düzdür, qış fasiləsindən sonra xallar itirdik. Ancaq indi qalib gəlməklə, hər şeyi qaydasına qoyduq. Hazırda komandamız psixoloji baxımdan yüksəlişdədir və daha da irəli gedəcəyik.

- Bu mənada mükafatçılar sırasına düşmək şansınızı necə dəyərləndirərdiniz?
- Buna şansımız var. “Qəbələ”nin qarşısında həmişə yüksək vəzifələr durur. Buna görə də hər oyunda qələbəyə oynamaq lazımdır. Sona kimi mübarizə aparacağıq.

- Ölkəmizdə çıxış etdiyiniz 9 ildə ilk dəfə Ramiz Məmmədovun rəhbərliyi altında oynayırsınız. Onun bir baş məşqçi hansı özəlliklərini qeyd edərdiniz?
- Yaxşı çalışdırıcıdır, nəticə verir. Məmmədov özünəməxsus emosional məşqçi kimi yalnız ən yüksək vəzifələri yerinə yetirməyi çalışır. Buna görə komandanı həmişə oyunlara yaxşı, qələbə üçün kökləyir. O, bizə arxayınlaşmağa imkan vermir. Fərqi yoxdur, qalib gəlmisən, yoxsa yox. Məmmədov bilir ki, nə vaxt zarafat etmək olar, nə vaxt oyuna kökləmək lazımdır. O, komandanı psixoloji cəhətdən yaxşı hazırlayır.

Mehman SÜLEYMANOV
0