Abışovun rəqibləri
28.02.2013 - 14:35
Abışovun rəqibləri
Bu qış “transfer pəncərəsi” zamanı daha 2 futbolçumuzun legioner həyatı yaşayacağı dəqiqləşdi. Söhbət “Dənizlispor”a keçən Arif İsayev və “Rubin”ə transfer olunan Ruslan Abışovdan gedir. Düzdür, Elhad Nəziri də “Petrolul”a keçdi. Ancaq bundan əvvəl “Milsami”də oynadığını nəzərə aldıqda, onsuz da legioner həyatı yaşayırdı. Belə desək, Elhad legioner həyatı tərzini dəyişməli oldu.

Başqa futbolçuların da legioner həyatı yaşayacağına inanırdıq. Hər halda, qış fasiləsinə yaxın klub rəsmilərindən buna dair inandırıcı açıqlamalar gəlməkdə idi. Ancaq nədənsə “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadənin Səudiyyə Ərəbistanı klubu “Əl-Taavon”a keçidi alınmadı. Cavid İmamverdiyevin isə Kiyev “Dinamo”sunun əsas komandasına çağırılmadığı aşkarlandığından, bu transfer də baş tutmadı. Qışda gedəcəyi deyilən Araz Abdullayevi isə heç istəyən klubun adı üzə çıxmadı.

Hər halda, Avroliqanın qrup mərhələsində ölkəmizin təmsil olunmasına baxmayaraq, deyildiyi kimi, çox sayda futbolçumuzun xaricə axını baş tutmadı. Yuxarıda qeyd etdiyimiz kimi, cəmi 2 yeni legionerlə kifayətlənməli olduq. Sözsüz ki, Arif İsayevin Türkiyənin I dəstə klubuna keçidindən çox, Ruslan Abışovun “Xəzər Lənkəran”dan Rusiya nəhənglərindən olan “Rubin”ə transferi daha cəlbedici sayılmalıdır.

Təbii ki, ilk növbədə futbolçumuz üçün əsas məqsəd belə bir klubda möhkəmlənmək olmalıdır. Çünki Kazan klubunda sıradan oyunçular çıxış etmir. Bunun üçün o, öz mövqeyində çıxış edən futbolçuları yaxşı tanımalıdır. Kurban Berdıyevin əvvəlki açıqlamalarından və Ruslan Abışovun saytımıza müsahibəsindən də görünür ki, onun xidmətindən dayaq yarımmüdafiəçisi kimi yararlanmaq istəyirlər.

Bəs “Rubin”də Ruslanın dayaq yarımmüdafiəsi ampluasındakı rəqibləri kimlərdir? Təbii ki, bunların başında Pablo Orbais gəlir. İspaniyalı futbolçu “Osasuna”, “Atletik” və “Olimpiakos”da artıq özünü çoxdan sübuta yetirib. 34 yaşlı təcrübəli Orbaisin yerini əlindən almaq inandırıcı görünmür. O, “Neftçi” qarşı Avroliqa oyunlarında matçı əvəzolunmadan keçirib.

Ruslanın digər rəqibi isə onun özünə yaxşı tanışdır. Söhbət İsrail yığmasının yarımmüdafiəçisi Bibras Natxodan gedir. O, cari seçmə mərhələnin ilk oyununda məhz millimizin qapısından qolu keçirib. Maraqlıdır ki, həmin matçda cavab qolunu da elə Abışovun özü vurub. Ruslan özündən kiçik olan 25 yaşlı futbolçunu layiqincə əvəzləyə bilər. Ancaq...

...Təbii ki, “Rubin” qış “transfer pəncərəsi” dönəmində daha bir dayaq yarımmüdafiəçisi almasaydı, bu sözləri rahat şəkildə deyə bilərdik. Tatarıstan təmsilçisi Avroliqa üçün “Renn”dən 9,6 milyon avroya Yann Mvilanı alıb. Bu qiymətə alınan futbolçunun isə ehtiyatda qalacağı inandırıcı görünmür. Sadəcə, Fransa yığmasının konqoəsilli futbolçusunun bəxti “Rubin”də gətirməyib. Yoxlama oyunlarından birində zədələnən 22 yaşlı futbolçu “Atletiko” ilə qarşılaşmalarda meydana çıxmayıb.

Ancaq bunları qeyd etməklə Ruslanın ruhdan düşməsinə də rəvac vermək istəmirik. Hər hansı bir tapşırıqla yox, Kurban Berdıyevin şəxsən istəyilə Abışov heyətə cəlb olunubsa, deməli, onun oynaması üçün şansı var. Təki, Ruslan legioner həyatı yaşamağın məsuliyyətini anlasın və özünəinamını heç vaxt itirməsin...

Səbuhi TOFİQOĞLU