“Bakı” sonacan mübarizə aparacaq” - MÜSAHİBƏ
28.02.2013 - 18:39
“Bakı” sonacan mübarizə aparacaq” - MÜSAHİBƏ
“İnter”in hücumçusu Baçana Sxadadze klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, gürcüstanlı legioner “Bakı” ilə keçirilən kubok matçından danışıb, komandasının bu turnirdə şansını dəyərləndirib. Bundan başqa, Baçana Topaz Premyer Liqasının XXII turunda “Qarabağ”la baş tutacaq oyun barədə də fikirlərini açıqlayıb.

- Topaz Premyer Liqasının hesabat tutunda “Neftçi” ilə uğursuz qarşılaşma keçirdiz. Psixoloji planda bu oyunu unutmaq və “Bakı” ilə matça köklənmək çətin olmadı?
- Etiraf edim ki, “Neftçi”dən sonra bizim üçün kifayət qədər çətin idi. Biz bu görüşü tezliklə unutmağa çalışdıq, “Bakı” ilə oyunun ilk dəqiqələrindən etibarən həmin qarşılaşmanı artıq başımızdan atmışdıq. Komanda oyuna inamla başladı və həmin uğursuzluğu tamamilə unutdu.

- “Bakı” ilə kubok matçında “İnter” səfər oyun modeli seçdi, lakin kifayət qədər inamlı görünürdü. Komanda qələbəyə yaxın olsa da, yekunda heç-heçə qeydə alındı...
- Ola bilər biz səfər oyun modelini seçdik, ancaq hücumda kifayət qədər inamlı təsir bağışladıq. Belə düzülüşdə hücumçularımız özlərini daha rahat hiss edirlər və bizə arxada çox işləmək lazım gəlmir. Bu, özünü tam doğrultdu. Bəli, son dəqiqələrdə məyusedici qol buraxdıq, amma ümumilikdə hesab edirəm ki, biz oyunun gedişinə nəzarət edirdik. Düşünürəm ki, doğru seçilmiş taktiki sxem oyunumuzda böyük rol oynadı. Əlavə olaraq demək istəyirəm ki, biz çox güclü rəqibə qarşı oynayırdıq.

- “Şəfa” stadionunda keçiriləcək cavab qarşılaşması ərəfəsində 1:1 hesabı “İnter” üçün daha yaxşı görünür. Faiz nisbətində komandaların şanslarını necə qiymətləndirərdiniz?
- Şanslar təqribən bərabərdir. Mən deyərdim ki, 60 faizin 40 faizə “İnter”in xeyrinədir. Lakin öncədən qürrələnərək sağa-sola bəyanat səpələməyə dəyməz, axı “Bakı” çox güclü rəqibdir. Bu komandada yaxşı legionerlər və güclü yerli futbolçular var. Onlar sonadək mübarizə aparacaqlar. Cavab görüşünə yaxşı hazırlaşmalıyıq və diqqətimizi maksimum dərəcədə cəmləşdirməliyik. Düşünürəm ki, biz ilk matçdakı nəticəni nəzərə almadan meydançaya çıxmalıyıq. Əgər komanda həmin qarşılaşmada göstərdiyi oyunu nümayiş etdirərsə, o zaman işlərimiz yaxşı gedəcək.

- Bu barədə danışmaq hələ tezdir, ancaq hər halda “İnter”in kubokda şansını necə qiymətləndirərdiz?
- Bu, mənim “İnter”də artıq üçüncü mövsümümdür və xatırlayıram ki, 2011-ci ildə kubokun finalında “Xəzər-Lənkəran” komandasına məğlub olduq. Ötən il mübarizəni yarımfinalda dayandırdıq. Çox ümid edirəm ki, bu mövsüm bu mükafatı qazanmaq bizə müyəssər olacaq. Kubokda, xüsusilə də stadiona daha çox azarkeşin gəldiyi final mərhələsində oynamaq çox maraqlıdır. Çempionat bir qədər başqa mövzudur, orada mübarizə təqvim ili ərzində gedir, kubok isə digər planda keçirilən yarışdır. Bir çox ölkələrdə lider komandalar kubok oyunlarına ehtiyat heyətləri çıxarırlar, ancaq Azərbaycan kubokunda bütün komandalar əsas heyətlərlə oynayır. Bu, kubok yarışını bütün klublar üçün çox cəlbedici edir.

- Fevralın 3-də “İnter”i çempionat oyunları çərçivəsində “Qarabağ”la daha bir matç gözləyir. Hər üç gündən bir meydançaya çıxmaq çətin deyil? Belə qrafik futbolçularda problemlər yaratmır?
- Oyun qrafiki məhz belə olmalıdır. Bu, futbolçular üçün ideal qrafikdir. Ancaq qeyd etməyə dəyər ki, qış fasiləsindən sonra çempionatda keçirilən dörd oyunun hamısını bizim birbaşa rəqiblərimiz olan güclü komandalara qarşı keçirmişik. Demək olar ki, bizim üçün “altılıq” digərlərindən əvvəl başladı. “İnter” üçün “ilk altılıq” hələ “Xəzər-Lənkəran”la matçla start götürmüşdü. Ancaq bu bizim vəziyyətimizi çətinləşdirir, belə də bu qrafik kifayət qədər doğru görünür. 4 gündən bir oynamaq futbolçu üçün yaxşıdır: az məşq, daha çox oyun (gülür).

- “Qarabağ”la çətin oyun barədə nə deyə bilərsiniz?
- “Qarabağ”la oynamaq həmişə çətin və maraqlıdır. Bu komanda, bizim kimi, ötürmələrlə kombinasiyalı futbol oynayır. Düşünürəm ki, oyun maraqlı və baxımlı alınacaq. Bizə bu oyuna maksimal dərəcədə diqqəti cəmləşdirərək yanaşmaq lazımdır. Bütün futbolçular məşqçinin tapşırıqlarını yerinə yetirməlidirlər, ancaq o zaman bu görüşü maksimal sayda xalla başa vura bilərik.

- “İnter”in “Qarabağ” üzərində son qələbəsi 2010-cu ilə təsadüf edir. Yəni təqribən 3 ildir komandanız Ağdam klubunu məğlub edə bilmir…
- Bu barədə düşünməyə dəyməz. Elə oynamaq lazımdır ki, sanki bu komandayla ilk dəfədir qarşılaşırıq. Diqqəti bu statistika üzərində cəmləşdirmək lazım deyil. Öz futbolumuzu nümayiş etdirmək vacibdir. Yalnız bu halda biz lazım olan nəticəni əldə edə biləcəyik.