“Biz “Neftçi” kimi çox qol vurmuruq, amma...” - MÜSAHİBƏ
01.03.2013 - 13:31
“Biz “Neftçi” kimi çox qol vurmuruq, amma...” - MÜSAHİBƏ
“İnter”in gürcüstanlı futbolçusu Georgi Adamiyanın apasport.az saytına müsahibəsi

- Qış fasiləsindən sonra çempionatda 3 tur və Azərbaycan kubokunun ilk 1/4 final oyunu keçirilsə də, adınız protokola salınmır. Zədəniz hələ sağalmayıb?
- Bərpa prosesi uzun çəkdi. Antalyada komandanın hazırlığına qatılsam da, bu, fərdi məşq idi. Almaniyadakı əməliyyatdan sonra 5 ayadək sıraya qayıdacağım deyilirdi. Düzdür, tam sağalacağımın bir qədər tez olacağına ümid edirdim. Təəssüf ki, istədiyim kimi olmadı. Hər halda, yaxın günlərdə komanda ilə məşqlərə qatılacağam. Oynamaq üçün müəyyən vaxt lazımdır.

- Final mərhələsində?
- Elə olmalıdı. Çempionatda millinin oyunları ilə əlaqədar uzunmüddətli fasilə yaranacaq. Bu, mənim üçün lap yerinə düşür. Onda yetərincə vaxtım olacaq.

- Qarşıdakı turda “Qarabağ”la qarşılaşacaqsınız. Keçmiş komandanıza qarşı oynamaq istərdiniz?
- Bəli, böyük istək var. Ancaq istək hər şeyi həll etmir. Meydana çıxmaq üçün gərək hazır olasan.

- Ötən tur “Neftçi”yə məğlubiyyətdən sonra “Qarabağ”a qalib gəlməlisiniz ki, liderlə xal fərqi artmasın. “İnter” bu çətin sınağın öhdəsindən gələ biləcəkmi?
- “İnter” “Neftçi”yə uduzsa da, əvəzində bundan sonra “Bakı” ilə kubok matçında yaxşı oynadı. Yəni, əsas rəqiblərimizdən birinə yenilsək də, əlimizi yana salmadıq. Fikrimcə, “Qarabağ”la çox gərgin matç olacaq. Maraqlı oyun gözləyirəm. İndi elə vaxtdır ki, itirilən hər xal qızıla bərabərdir. Buna görə də hər 2 komanda qələbəyə oynayacaq.

- Çoxları belə düşünür ki, çempionluq “Neftçi”, “İnter” və “Qarabağ” arasında gedəcək. Hazırkı komandanızla sabiq klublarınızın mübarizəsində kimi daha şanslı sayırsınız?
- Əvvəla, deməzdim ki, çempionluğa məhz 3 komanda oynayacaq. Digər 3 komanda da çempionluq uğrunda mübarizə aparacaq. Sadəcə, kiminsə şansı çoxdur, kiminsə az.

- Yeri gəlmişkən, “altılıq”da yalnız son vəsiqənin sahibi bilinmir. Sizcə, bu, “Bakı”, yoxsa “Xəzər Lənkəran” olacaq?
- Məncə, “Bakı”. Çünki hər şey bu komandanın öz əlindədir.

- Az qol vuran “İnter”in hücum xəttində probleminin olduğu, imkanlarından lazımınca istifadə etmədiyi ilə bağlı fikirlər səsləndirilir. Siz buna necə münasibət göstərirsiniz?
- Qış fasiləsindən sonra baxsaq, Lənkəranda 3, bundan sonra “Qəbələ”yə 2 qol vurduq. Yəni, 2 oyunda 5 qol yaxşı göstəricidir. Düzdür, biz “Neftçi” kimi çox qol vurmuruq, amma oyun üslubumuz ondan, “Qarabağ”dan fərqlidir. İstənilən halda, hər oyunda qol vururuq, az top buraxırıq.

- “İnter”in qış fasiləsində aldığı hər 2 futbolçu hücumçudur. Bunlardan Yuri Fomenko həmyerliniz Baçana Sxadadzeyə qol vurmaqda yardımçı olur...
- Fomenko yaxşı hücumçudur. “Xəzər Lənkəran”la oyunda komanda yoldaşlarına qol vurmaqda yardımçı oldu. Yurinin futbolçu kimi yaxşı fiziki göstəriciləri var, bizə köməyi dəyəcək. Ümid edirəm ki, sonda onunla birgə çempion olacağıq.

- Onu da nəzərə alaq ki, hazırda ön xətdə böyük rəqabət yarandığından sizə əsas heyətə qayıtmaq çətin olacaq...
- Bəli. Ancaq buna görə ruhdan düşmürəm. Çünki çətinliklərin öhdəsindən gələ biləcəyimi düşünürəm. İndi əsas istəyim tez bərpa olunub, formamı yığmaqdır. İnanıram ki, buna nail olaraq əsas heyətdə yerimi qaytara biləcəyəm.

Mehman SÜLEYMANOV