Yan Yanik: Rəqibi Azərbaycan yığmasına görə seçmişdik
01.03.2013 - 14:09
Yan Yanik: Rəqibi Azərbaycan yığmasına görə seçmişdik
Futzal üzrə Slovakiya yığmasının “Raba ETO Dyör” klubu ilə oynamasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, bunu slovakiyalıların baş məşqçisi Yan Yanik açıqlayıb.

Avropa çempionatının əsas seçmə mərhələsi oyunları zamanı yoxlama oyunu keçirən slovaklar Macarıstan klubuna 4:7 hesabı ilə uduzub. Yanik bu komandaya qarşı oynamalarının səbəbini belə izah edib: “O komandada 3 braziliyalı və 2 ispan futzalçı çıxış edirdi. Seçmə mərhələdəki əsas rəqibimiz olan Azərbaycan yığmasının heyətində də məhz braziliyalı futzalçılar top qovur. Bu üzdən Macarıstan klubuna qarşı oynamağı daha məqsədəuyğun saydıq”.

Qeyd edək ki, Yan Yanik Slovakiyanın “Slov-Matik” komandasını ötən yay Latviyada keçirilən beynəlxalq turnirdə təmsilçimiz “Araz” önünə çıxarıb. Həmin görüşdə Naxçıvan klubu qərbi slavyanları 4:2 hesabı ilə məğlub etmişdi. Bu dəfə isə Yanik Slovakiyanı yığmamız önünə Bratislavada, martın 30-u saat 22.30-da çıxaracaq.