Ulduzlarsız “El Klassiko”?
01.03.2013 - 15:29
Ulduzlarsız “El Klassiko”?
Dünyanın əsas derbilərindən olan “Real” – “Barselona” oyunu bu həftə 2-ci dəfə keçiriləcək. Apasport.az saytının məlumatına görə, fevralın 26-da İspaniya kubokunun cavab yarımfinal oyununda üzləşən prinsipial rəqiblər bu dəfə çempionatda qarşılaşacaqlar.

“Real” kubokda səfərdə 3:1 hesabı ilə gələrək, mübarizədən kənarlaşdırdığı “Barsa”nı bu dəfə qonaq edəcək. Təbii ki, komandalar arasında böyük xal fərqini nəzərə alsaq, bu, çempionluq uğrunda bir matç olmayacaq. Çünki lider “Barsa” 3-cü yerdə gedən “Real”ı 16 xal qabaqlayır.

Oyun öncəsi əsas diqqəti çəkən komandaların ulduzlarının meydana çıxmamağının mümkünlüyü ilə bağlıdır. Belə ki, Messi madridlilərlə kubok oyunundan soyuqlayıb. Hərarəti qalxan argentinalı hücumçu məşqi buraxmalı olub. Həkimlər Lionelə bir neçə günlük istirahət və yüngül fərdi məşqlər etməyi məsləhət görüb.

Kriştianunun isə sağlıq durumu qaydasındadır. Sadəcə, baş məşqçisi Joze Mourinyo gələn həftə Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”də səfərdəki çətin cavab oyununu nəzərə alaraq, onu “Barsa” ilə matçda oynatmağı zədə baxımından risk etmir. Madridlilərin digər futbolçuları “El Klassiko”ya optimal formada yaxınlaşsalar da, Mourinyo çempionatda önəm daşımayan matçda ikinci heyəti buraxa bilər.

Messi (38 qol) ilə Ronaldo (24) İspaniya çempionatının bombardirləri olduğundan, derbinin ən sərrast oyunçularsız keçəcəyi gözlənilir.