Bruno Bertuççi: Mövqeyimizi sonadək qoruyacağıq
01.03.2013 - 16:11
Bruno Bertuççi: Mövqeyimizi sonadək qoruyacağıq
“AZAL-la oyunda zədələndikdən sonra Braziliyaya gəldim. Hazırda müalicəmi vətənimdə davam etdirirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin braziliyalı müdafiəçisi Bruno Bertuççi deyib.

Müalicəsini Braziliyada davam etdirən legioner 2 həftədən sonra Azərbaycana qayıdacaq. O, klubun rəsmi saytına açıqlamasında komandası üçün darıxdığını bildirib: “Tezliklə tam sağalıb Azərbaycana qayıdacağam. Klubumuzun həkimləri də mütəmadi mənimlə əlaqə saxlayıb vəziyyətimlə maraqlanırlar. Vətənimdə olsam belə, klubun düşərgəsindən kənarda olmaq darıxdırıcıdır. Tezliklə meydana qayıtmaq istəyirəm. Qarşıdan vacib “altılıq” oyunları gəlir. Bu qarşılaşmalarda komandama kömək etmək niyyətindəyəm. Hazırda turnir cədvəlinin ilk pilləsindəyik. İnanıram ki, bu mövqeyimizi çempionatın sonuna kimi qoruyub qızıl medallara sahib olacağıq”.

Qeyd edək ki, AZAL klubu ilə oyunda Bruno Bertuççinin körpücük sümüyü çatlamışdı.