“Bakı” üçün uğursuz STATİSTİKA
01.03.2013 - 16:29
“Bakı” üçün uğursuz STATİSTİKA
Bazar günü Topaz Premyer Liqasında təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, XXII turun qarşılaşmaları ilə ardıcıl 4-cü dəfə komandalar 2 “altılığ”a bölünəcək.

Həlledici 10 tur ərəfəsində “Bakı”, “Xəzər Lənkəran” və AZAL 2 “altılığ”ın arasında qalıb. Bu komandaların 1-6-cı və ya 7-12-ci yerlər uğrunda mübarizə aparacağına martın 3-dəki matçlar aydınlıq gətirəcək.

Bu 3 komandanın indiki formatda keçirilən əvvəlki 3 mövsümdəki ilkin finişinə nəzər salmaq maraqlı olardı. Söhbət “altılıq” mərhələsi ərəfəsində baş tutan təsnifatın son turundan gedir.

Düzdür, 2009/10 mövsümü indiki formatda keçirilsə də, o vaxt hesaba ancaq “Qızıl xallar” alınırdı. Lakin ümumilikdə həm həmin, həm də sonrakı 2 mövsümdə 22 təsnifat və 10 həlledici tur baş tutub. Birinci mərhələnin son turunun “Bakı”, “Xəzər Lənkəran” və AZAL üçün nə dərəcədə düşərli olmasını isə tarix göstərir.

İlk 2 mövsümdə təsnifat mərhələsi XXII, ötən il isə təxirə salınan XIX turla başa çatmışdı. Elə həmin sonuncu turları nəzərdən keçirək.

Son tur daha çox “Xəzər Lənkəran”a uğur gətirir. Cənublular ardıcıl 3 il təsnifat mərhələsini qələbə ilə başa vurublar. Bu qələbələrdən ikisi səfərdə əldə olunub. Bundan başqa, lənkəranlılar 2 dəfə mərhələni 3 qolla qazanılan 3 xalla tamamlayıb.

Digərlərindən öndə qərarlaşan “Bakı” üçün isə statistika ürəkaçan deyil. 6-cı pillənin hazırkı sahibi mövqeyini qorumaq üçün qələbə qazanmalıdır. Lakin bakılılar təsnifat mərhələsini qələbə ilə bitirə bilmir. Əvvəlki 3 yarışda onlar 2 dəfə heç-heçə ilə kifayətləniblər. Ötən il isə “altılıq” öncəsi “Neftçi”nin gücünə şahid olub.

Daha az şansı olan AZAL isə son turda uduzmur. Onlar 2 dəfə heç-heçə ilə barışıb, 1 matçda qələbə qazanıblar. Lakin bu dəfə qələbə də “təyyarəçilər”ə kifayət etməyə bilər. Çünki komanda yalnız rəqiblərinin büdrəməsinə ümid etməlidir.

“Bakı”
2009/10. “Muğan” – 0:0 (e)
2010/11. AZAL – 0:0 (s)
2011/12. “Neftçi” – 1:3 (e)

“Xəzər Lənkəran”
2009/10. “Karvan” – 3:0 (e)
2010/11. “İnter” – 3:1 (s)
2011/12. “Turan” – 1:0 (s)

AZAL
2009/10. “Qarabağ” – 1:1 (e)
2010/11. “Bakı” – 0:0 (e)
2011/12. “Sumqayıt” – 6:3 (e)