Vaqif Sadıqov: Mənim üçün möcüzə çoxdan baş verib
01.03.2013 - 18:37
Vaqif Sadıqov: Mənim üçün möcüzə çoxdan baş verib
“Altılığ”a son vəsiqəyə iddia edən hər 3 komandanın şansı bərabərdi. Çoxları taleyimizin öz əlimizdə olmadığını düşünür. Ancaq mən bu fikirlərlə razılaşmıram”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

Topaz Premyer Liqasının XXII turunda “Qəbələ”ni qəbul edəcək “təyyarəçilər” vacib sınaq qarşısındadır. Belə ki, 8-ci pillədə olan komandanın “altılığ”a düşmək şansı qalır.

Düzdür, AZAL-ın rəqiblərinin – “Bakı” və “Xəzər Lənkəran”ın ondan 1 xal irəlidə olmağı və daha güclü rəqiblə üzləşməyi işini çətinləşdirir. Ancaq Sadıqovun fikrincə, bunlar bədbinliyə əsas vermir: “Biz “altılıq”da yerimizi təmin etmək üçün ilk növbədə qələbə qazanmalıyıq. “Bakı” və “Xəzər Lənkəran”ın oyunları bitəndən sonra vəsiqənin sahibi bilinəcək. Buna görə də biz yalnız qələbəyə köklənmişik. Düzdür, istər-istəməz xal fərqini və rəqibi nəzərə almalıyıq. Ancaq əsas məsələ ədalətli oyunun şahidi olacağımızdır”.

Maraqlıdır, təcrübəli mütəxəssis “Bakı” ilə “Xəzər Lənkəran”ın yox, komandasının 6-cı olmağını möcüzə sayacaqmı? “Mənim üçün möcüzə çoxdan baş verib. O mənada ki, biz vaxtilə 1-ci pillədə idik, ancaq indi “altılığ”a çıxmaq haqda düşünürük. İlk 6 turda gözəl oynasaq da, sonradan qalib gələ bilməyərək, “uğursuzluq zolağı”na düşdük. Ancaq komandamız “altılığ”a düşmək məqsədinə nail ola bilər və iddiamızı davam etdiririk. Elə rəqiblərimiz də bizi ciddi qəbul edirlər”.

Ölkə kubokunda çıxışını dayandıran AZAL “altılıq”dan da kənarda qalacağı halda, baş məşqçi postunda dəyişikliyin olacağı haqda söz-söhbətlər gəzir. Sadıqov deyilənlərin onun motivasiyasına mənfi təsir etmədiyini bildirib: “Mənim klubla 2 illik müqaviləm var. Komandada görülən işin ortadadır. 6 aya yeni komanda qurmaq çox çətindir. Klub prezidenti ilə son görüşümüz məndə müsbət təsir oyatdı. Rəhbərliyin bizə böyük etimad göstərdiyinin şahidi olduq”.

Mehman SÜLEYMANOV