Derbiyə fərqli ab-havada
02.03.2013 - 00:21
Derbiyə fərqli ab-havada
"Beşiktaş" sabah "İnönü"də "Fənərbaxça" ilə keçirəcəyi derbinin hazırlıqlarına ara vermədən davam edir. Apasport.az saytının xəbərinə görə, "ağ-qaralar"ın heyətindəki bəzi zədəlilər baş məşqçi Samet Aybabanı çətin vəziyyətdə qoyur.

Dünən keçirilən məşq zamanı məşqdə Cenk Gönen, Uğur Boral, İsmayıl Köybaşı və Roberto Hilbertin yoxluğu nəzərdən qaçmayıb. İlk üçünün uzunmüddətli zədə alması çoxdan bəlli olsa da, Hilbertin soyuqdəymə səbəbilə məşqə qatılmadığı açıqlanıb. Bu 4 futbolçu ilə yanaşı, Uqo Almeyda, Vəli Kavlak, Dentinyo, Oğuzhan Özyakup və Necib Uysal komandadan ayrı çalışıb. Sadalanan oyunçuların derbidə forma geyib-geyməyəcəyi sual altındadı. Daha dəqiq desək, Necib, Dentinyo və Oğuzhanın "Fənərbaxça" qarşısında forma geyəcəyi gözlənilmir. Almeyda və Kavlakın forma şansları isə oyun saatı bəlli olacaq.

"Fənərbaxça" rəhbərliyi isə futbolçuları həvəsləndirmək üçün ənənəvi mükafat yoluna əl atıb. Rəhbərlik oyunçulara müxtəlif uğurlar qarşılığında müxtəlif miqdarda pul mükafatı vəd edib. Bu mövsüm superliqa, ölkə kuboku və Avroliqada mübarizə aparan "Fənər" "qızıl het-trik"ə imza atmağı bacarsa, futbolçulara ümumilikdə 50 milyon lirə mükafat paylanacaq.

Türkiyə mətbuatının xəbərinə görə, "sarı-lacivərdlər" Avroliqada 1/4 finala yüksəlsə, 4 milyon lirə alacaq. Finala qədər gedəcəyi təqdirdə isə 16 milyon lirə oyunçular arasında bölünəcək. Eyni zamanda sabahkı derbi də futbolçulara xeyli pul qazandıra bilər. "Fənərbaxça" "Beşiktaş"ı səfərdə məğlub edərsə, oyunçulara 5 milyon lirə veriləcək.