“Xəzər Lənkəran”ın almaq istədiyi futbolçu danışdı
02.03.2013 - 11:51
“Xəzər Lənkəran”ın almaq istədiyi futbolçu danışdı
“Ümid edirəm ki, hər şey tezliklə düzələcək. Əks halda başqa kluba keçə bilərəm”. Apasport.az saytının məlumatına görə, bunu Hollandiyanın “Volendam” klubunun hücumçusu Cek Tuyp deyib.

Əsl adı Yakobus olan 29 yaşlı futbolçunun müqaviləsi bu yay başa çatır. 2007/08 mövsümünün sonunda vurduğu qollarla “Volendam”ı elitaya yüksəldən Tuyp bu qış komandadan gedə bilərmiş: “Mənə xarici klubdan təklif vardı. Ancaq uzaq səfər olduğu üçün getmədim. Ümid edirəm ki, yeni müqavilə bağlayacam və heç hara getməli olmayacam”.

Bu komandanın heyətində çıxış etdiyi vaxt Hollandiya birinci dəstəsinin bir neçə dəfə bombardiri adına layiq görülən Tuyp cari mövsümdə keçirdiyi 21 oyunda 20 qol vurması ilə diqqət çəkir. Hollandiya mətbuatında axtarış verəndə məlum olur ki, bu futbolçu ötən yay Yunis Hüseynovun çalışdırdığı “Xəzər Lənkəran” almaq istəyirmiş. Ancaq bu keçid baş tutmayıb.

Qeyd edək ki, son turun dünən baş tutan matçında Tuyp yenə bombardirlik keyfiyyətini nümayiş etdirib. O, “Veendam”la 4:0 hesabı ilə başa çatan oyunda 3 qol vurub. Bu onun mövsümdə 2-ci het-trikidir.