Millimizdə cəzalı oyunçular
03.03.2013 - 11:37
Millimizdə cəzalı oyunçular
Azərbaycan futzal yığması Avropa çempionatının növbəti seçmə mərhələsi çərçivəsində ilk oyununa ciddi itkilərlə çıxacaq. AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev apasport.az saytına açıqlamasında 2 aparıcı futzalçımız – Rizvan Fərzəliyevlə Rəcəb Fərəczadənin martın 27-də Norveçlə qrup matçında meydana çıxa bilməyəcəyini deyib. Bu da onların cəzalı durumda olmağı ilə bağlıdır.

Xudiyevin sözlərinə görə, Fərzəliyevlə Fərəczadə əvvəldən aldıqları cəzaların əziyyətini çəkirlər: “Rizvan ötən ilin fevralında Zaqrebdə keçirilən Avropa çempionatının final mərhələsində UEFA-nın Nizam-İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılmışdı. Bu, dünya çempionatının pley-off mərhələsində qüvvədə oldu və nəticədə Fərzəliyev Rusiya ilə hər 2 matçı buraxmalı oldu. İndi onun 1 oyunluq cəzası qalıb ki, bu, növbəti seçmə qrup mərhələsində ilk matçında bitəcək. Rəcəb isə final mərhələsində ardıcıl 2 oyunda sarı vərəqə alıb ki, bu da 1 matçlıq cəzalı olmağı deməkdir. O, qarşıdakı seçmə mərhələnin ilk oyununa şamil olunur”.

Sabiq FİFA hakimi sonrakı matçda meydama çıxa biləcək hər 2 oyunçunun Avropa çempionatının keçiriləcəyi Slovakiyaya aparılacağını söyləyib: “Seçmə mərhələyə heyət martın 15-də açıqlanacaq. Həmin vaxt millimiz təlim-məşq toplanışına yığışacaq. Sonuncu Bakı Beynəlxalq Futzal Turnirinə çağırılan futzalçıların hamısı dəvət olunacaq. Avropa çempionatına 14 oyunçu aparılacaq”.

Qeyd edək ki, Fərzəliyev millimizin son qalibi olduğu Bakı turnirində kapitan olub.

Mehman SÜLEYMANOV