“Ağ-qara” ənənə
04.03.2013 - 16:49
“Ağ-qara” ənənə
Azərbaycan Premyer Liqasında “ağ-qara” ənənə davam edir. Apasport.az saytının məlumatına görə, “altılıq” sistemi ilə keçirilən ardıcıl 4-cü çempionatda da təsnifat mərhələsinin bombardiri “Neftçi”nin futbolçusu oldu.

Arxada qalan 22 turda 20 dəfə rəqib qapılarına yol tapan çilili Nikolas Kanales həm klub üzvlərinin seriyasını davam etdirdi, həm də onlara əsl bombardirin necə olduğunu göstərdi. Belə ki, əvvəlki 3 mövsümdə təsnifat mərhələsinin bombardirləri o qədər də çox qol vurmamışdı.

“Altılıq” sisteminin tətbiq olunmağa başladığı, lakin indikindən fərqli “qızıl xallar”ın hesablandığı 2009/10 mövsümündə ilk 22 turda hamıdan çox qol vuran Adrian Neaqa olmuşdu. Həmin vaxt “Neftçi”nin rumıniyalı legioneri 9 qolla hamıdan öndə idi.

Bakılıların çempion olduğu növbəti 2 mövsümdə isə Bahodir Nasimov təsnifat mərhələsində hamıdan öndə olub. Özbəkistanlı hücumçu 2010/11 mövsümündə 15, 2011/12 mövsümündə isə 13 qolla bunu bacarmışdı.