Rail Məlikov: O dərəcədə soyuqlamışdım ki...
04.03.2013 - 17:47
Rail Məlikov: O dərəcədə soyuqlamışdım ki...
“Əslində, qızdırmam ötən həftədən var. Təsəvvür edin, o dərəcədə soyuqlamışdım ki, 39-40 dərəcəyə yaxın qızdırma içində idim”. Bunu apasport.az saytına “Dənizlispor”un müdafiəçisi Rail Məlikov deyib.

“Tavşanlı Linyitspor”, “Göztəpə” və “Samsunspor”la matçları cəza üzündən buraxan Rail Məlikov bu tur meydana çıxa bilərdi. Ancaq buna onun səhhəti mane oldu: “Boluspor”a qarşı oynamağı çox istəyirdim. Meydana qayıdacağım anı səbirsizliklə gözləyirdim. Ancaq təəssüf ki, “Boluspor”la matç öncəsi bərk soyuqladım. Bu üzdən heç Boluya aparılmadım. Əslində, belə baxanda pis olmuram. Çünki mən olmasam da, komandam son 3 oyunda məğlub olmayıb”.

Rail Məlikov bu tur “Çaykur Rizəspor”la oyunda meydana qayıdacağına inandığını bildirib: “Artıq demək olar tam sağalmışam. Bu gün fərdi məşq etmişəm. Ancaq inşallah, sabahdan komanda ilə birgə kollektiv hazırlıqlara qoşulacam. Evdə “Çaykur Rizəspor”la matçda meydana çıxmaq istəyirəm”.

Qeyd edək ki, “Dənizlispor” son turda “Boluspor”la 1:1-lik bərabərliyə qalıb. “Qəbələ”nin sabiq məşqçisi İbrahim Bakırın çalışdığı “Boluspor”un qolunun ötürməsini Serj Cehua meydana çıxdıqdan 10 dəqiqə sonra verib.

Səbuhi TOFİQOĞLU