Rəşad Sadıqov qardaşını qınadı: Məni pis vəziyyətdə qoydu
04.03.2013 - 17:55
Rəşad Sadıqov qardaşını qınadı: Məni pis vəziyyətdə qoydu
“Oyun zamanı “İnter”in braziliyalı futbolçusu Robertinyo ilə aramızda mübahisə oldu. Mən bunu xırdalamaq istəmirəm, hər şey videogörüntüdə var. Lakin onu deyə bilərəm ki, karyeramda hələ belə şey olmamışdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

O, Topaz Premyer Liqasının XXII turunda “İnter”lə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyundan sonra baş verən insidentə münasibətini bildirib.

Belə ki, Sadıqovla “İnter”in qış fasiləsində Tiflis “Dinamo”sundan icarəyə götürdüyü Robertinyo arasında meydanda yaşananlar matçdan sonra insidentə gətirib çıxarıb: “Onun mənə qarşı etdiyi hörmətsizlik idi. Karyeramda heç vaxt belə şey etməmişəm. Baş verənlər fitdən sonra oldu. Həmin an əsəblərimi cilovladım ki, cavab qaytarmayım. Çünki fikirləşdim ki, qarşıda “altılıq” oyunları gəlir və rəqibə qarşı etdiyim hərəkətə görə mənə 5 oyunluq cəza verə bilərlər”.

Ancaq əvəzində Rəşadın kiçik qardaşı Kamran əsəblərinə hakim ola bilməyərək, oyundan sonrakı qalmaqalda diqqət mərkəzinə düşüb. Belə ki, o, legionerdən qardaşına qarşı etdiyi hərəkəti aydınlaşdırmağı lazım bilib: “Paltardəyişmə otağına gedəndə gördüm ki, ara qarışıb. Polis də qardaşımı oradan uzaqlaşdırıb. Belə şeyin olmağını istəməzdik. Məni pis vəziyyətdə qoyduğu üçün qardaşımı tənbeh elədim. Görünür, qardaşım olduğuna görə dözməyib. Ancaq ona dedim ki, tribunadan ora düşməli deyildin”.