Nəhənglərin dueli: Bu dəfə “Old Trafford”da
04.03.2013 - 20:00
Nəhənglərin dueli: Bu dəfə “Old Trafford”da
Sabah Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, bu həftə keçiriləcək ilk 4 matçdan yarısının formal xarakter daşıdığını demək olar. Bu, xüsusilə “Yuventus”la “Seltik” arasındakı Turindəki oyuna aiddir. Çünki italyanların mərhələdən kənarda qalmaq üçün evdə böyük hesabla uduzacağı heç inandırıcı deyil.

Elə PSJ də mərhələ adlamaq vəzifəsini böyük ölçüdə həll edib. Hər halda, “Valensiya”ya Fransada 2 top fərqi ilə qalib gəlmək çətin olacaq. Düzdür, PSJ-nin lideri Zlatan İbrahimoviçin cəzalı olduğundan oynamamağı mübarizəni gərginləşdirə bilər.

Sözsüz ki, əsas diqqət nəhənglərin üzləşəcəyi “Old Trafford”a yönələcək. “Mançester Yunayted”lə “Real”ın duleində birincilərin şansı daha yüksəkdir. Əvvəla, komanda daha inamla oynadığı öz meydanına çıxış edəcək. Bundan başqa, səfərdə vurulan qol ingilislərə üstünlük verir. Yəni qolsuz heç-heçə onlara 1/4 finala çıxmaq üçün yetərli olacaq. Ancaq təbii ki, rəqib “Real” kimi güclü komanda olduğundan, “Mançester Yunayted” bu nəticəyə yox, mütləq qələbəyə oynayacaq. Madridlilər isə əzəli rəqibi “Barselona”ya ötən həftə 2 “El Klassiko”da qalib gələndən sonra İngiltərəyə yüksək-əhval ruhiyyədə gəlib.

Bu, “Real”ın lideri olan Kriştianu Ronaldoya da aiddir. Portuqaliyalı hücumçu Madridə gələnə kimi 6 il şərəfini qoruduğu “Mançester Yunayted”ə qarşı oynayacaq. Özü də Kriştianu ilk dəfə “Old Trafford”da rəqib kimi çıxacaq. Portuqaliyalı hücumçunun mövsüm bitəndən sonra “Mançester Yunayted”ə qayıdacağı ilə bağlı gəzən söz-söhbətlər də matça əlavə rəng qatır.

“Borussiya” ilə “Şaxtyor”un cavab oyunu da az maraq doğurmur. Düzdür, çoxları səfərdən məhsuldar heç-heçə ilə qayıdan dortmunduları daha şanslı sayır. Ancaq rəqibin “Şaxtyor” olduğunu və onun qrupda “Çelsi”, “Yuventus” kimi güclü rəqiblərlə səfər matçında yaxşı təsir bağışlayaraq, uduzmadığını unutmaq olmaz.

5 mart
“Mançester Yunayted” (İngiltərə) – “Real” (İspaniya)
İlk oyun – 1:1

“Borussiya” (Dortmund, Almaniya) – “Şaxtyor” (Ukrayna)
İlk oyun – 2:2

6 mart
PSJ (Fransa) – “Valensiya” (İspaniya)
İlk oyun – 2:1

“Yuventus” (İtaliya) – “Seltik” (Şotlandiya)
İlk oyun – 3:0